KANAL24.AZ
Az Iw En Ru

Uşaqlarda sümük və oynaqların travmatik zədələnmələri

Uşaqlar həddən artıq hərəkətli olduqlarından tez-tez müxtəlif travmalara (çıxıqlar, sınıqlar) məruz qalırlar.

Ağrı, qansızma, şişkinlik, deformasiya, sümüklərin bir-birinə sürtünməsi səslər və s. əlamətlər çıxıq və ya sınıqların olmasına dəlalət edir.

Uşaq qorxur, qışqıraraq ağlayır.

Böyüklər bu şəraitdə özlərini sakit və soyuqqanlı aparmalıdırlar. Təşvişə düşməyin, hay-küy də salmayın – bu, uşağı daha çox qorxuda bilər. Özünüzü itirmədən tez bir zamanda “təcili yardım” çağırın. Ambulans gələnə qədər isə zədələnmiş hissəni hərəkətsizləşdirin - sınmış əli bədənə, sınmış ayağı isə çox ehtiyatla sağlam ayağa sarıyın. Uşaqda ciddi qanaxma olarsa, əlinizin altında olan istənilən vasitələrdən istifadə edərək (kəmər, şarf, burun dəsmalı), qanayan yaranı yuxarı hissədən möhkəm sarıyın. Onurğa sütunu zədələnməsi və ya kəllə-beyin travmasına şübhə olduğu halda, ambulans gələnə qədər uşağı qaldırmağa və ya çevirməyə cəhd etməyin, yerindən tərpətməyin.

Kiçik yaşlı uşaqlarda bəzən travmadan sonrakı ilk dövrdə gips sarğısı qoyulmur. Bu məqsədlə əvvəlcə langet sarğısından istifadə edilir, bir neçə gündən sonra isə gips sarğısı qoyulur.

Qeyd etmək lazımdır ki, uşaqlarda sümüklər böyüklərə nisbətən daha tez birləşir. Həm də uşaq nə qədər kiçikdirsə, sağalma bir o qədər tez baş verir. Sınığın müalicəsi dövründə uşağı vitaminlərlə və kalsiumla (sümüklərin əsas “tikinti” vasitəsi) zəngin olan tam və keyfiyyətli qidalanma ilə təmin etmək lazımdır. Travma almış uşağın daha tez sağalması üçün onun tez-tez təmiz havada olması da vacib hesab edilir.

Əziz valideynlər, heç bir halda, xalq təbabətçilərinə üstünlük verərək (bir çox oynaq çıxıqlarında olduğu kimi), ixtisaslaşmış tibbi yardım almaq üçün təcrübəli mütəxəssislərin, travmatoloqların yardımından imtina etməyin! “Loğmanları”, “sınıqçıları” üstün tutan valideynlər bilməlidir ki, bu “sənətçilərin” insanın anatomiyası, sümüklərin və oynaqların quruluşu barədə dərin bilikləri olmur və onlar bu travmaların düzləndirilməsi üzrə cərrahi üsulları və s. digər qaydaları da bilmirlər.

Böyüklərdən fərqli olaraq uşaqlarda yumşaq toxuma üstünlük təşkil etdiyindən, travma almış uşağa dəqiq diaqnoz qoymaq üçün ilkin baxış və əllə müayinə edilməsi kifayət etmir. Bu zaman rentgen müayinəsi aparılmadan keçinmək heç bir halda düzgün hesab edilmir. Sınıqçılar isə, bir qayda olaraq, rentgensiz “keçinirlər”. Sınıqçıların “müalicəsindən” sonra ilk baxışdan valideynlərdə elə bir fikir yarana bilər ki, uşaq artıq sağalmışdır. Lakin belə “müalicələrin” nəticəsində uşaqlarda gələcəkdə çox ağır fəsadlar baş verə bilər ki, bu da onların əlilliyinə, bəzən isə ölümünə səbəb ola bilər.


05:33 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər