KANAL24.AZ
Az Iw En Ru

Ramal Aslanov: "10 ildir Azərbaycanda öz çəkimdə bir nömrəyəm"

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının kapitanı, kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, "Lord" rəqəbli Ramal Aslanovun Goal.az-a müsahibəsi:
 
- İdmana gəlişiniz necə olub?
- Bir çox döyüşçülər kimi məndə idmana küçə davalarından başlamışam. Uşaqlıqda hər gün dalaşırdım. Dalaşmağa həvəsim çox idi. Kiçik boksa başlayandan ilk və son məşqçim də əməkdar məşqçi Hakim Hacıyev olub. Onun yanına gələndə 42 kq idim. İdmana başlayanda fikirləşməmişəm ki, bu olimpiya idman növüdür, ya qeyri olimpiya, və yaxud pul qazana biləcəyəm yoxsa yox. Mən sırf dalaşmaq üçün gəlmişdim (gülür). Çünki, kikboksda demək olarki, küçə davalarında ən çox işlədilən zərbələr var. Şükürlər olsun ki, bu döyüş növündə nəticə verə bildim və əsl idmançı oldum.

 

- Bir neçə gün öncə "Dünya Qrand Pri"sində qalib gəldiniz. Bununla həm də, Azərbaycan idman tarixində də ilkə imza atdınız. Yarış haqqında təəssüratlarınız?
 
- Bəli, bu qrand pri reytinq xalına görə dünya sıralamasında ilk "8-lik"də olan idmançıların döyüşü idi. Bu yarışa məşqçim Hakim müəllimlə ciddi hazırlaşdıq. Çox ağır, həm də məsuliyyətli yarış olduğunu bilirdik. Azərbaycanın adına döyüşəcəkdim və tək azərbaycanlı idim. Bu daha böyük məsuliyyət idi. Püşk atmada ilk döyüşüm Hollandiya idmançısı oldu. O da demək olarki, mənlə eyni döyüş uslubuna malik idi. Yəni dalaşan idmançı idi, ancaq hücumda döyüşürdü. Şükürlər olsun ki, onu 2 raunda nokauta saldım və bu çox agır nokaut oldu. Rəqibi ringdən xərəkdə apardılar. İkinci döyüşüm tanınmış və güclü, həmdə təcrübəli tailand idmançısı idi. Ümumiyyətlə, tailand idmançılarının həm ayaq, həmdə diz zərbələri güclü olur. Bu idmançı ilə döyüşəndə müəllim mənə dedi ki, bu idmançı ilə hücumda işləmək çox təhlükəlidir. Çünki, sən hücum eləsən diz zərbəsi ilə səni nokauta sala bilər. Məndə ikinci nömrə işlətdim və şükür ki qalib gələrək finala çıxdım. Finalda rəqibim Litva idmançısı idi. Boyu məndən çox hündür idi. Döyüş çox pis başladı. Başlayan kimi məni ayaq zərbəsi ilə naqdaund vəziyyətinə saldı, yıxıldım yerə. Çox ağır zərbə idi. O zərbədən çox nadir idmançı ola bilər ki ayağa qalxsın. Allah mənə güc verdi. Sanki kimsə məni qolumdan tutub qaldırdı yuxarı ki, dur döyüş. 1-ci raundda özümdə olmamışdım. 2-ci raundda artıq mən başladım öz döyüşümü göstərdim və 2-3cü raundlarda rəqibdən həmin zərbənin əvəzini çıxdım. Azərbaycana ilk grand pri qızıl kəmərini gətirdim çox şükür.

 

 
- İdmandan başqa hansı işlə məşğul olursunuz?
 
- Yalnız idmanla məşğul oluram. Mənim tək işim məşq etmək və döyüşməkdir.
 

 

-İdmançılar arasında dostluq etdiyiniz var?
 
- Əlbəttə, həm kikboksda, həm karatedə, həm boksda, həm futbolda. İdmançı dostlarım çoxdur. Əslində elə idmançının dostu da idmançı olmalıdır. Gərək ətrafın sağlam olsun. İdmançını elə ancaq idmançı başa düşə bilər.
 

 

- Döyüşmək istədiyiniz idmançı var?
 
- Xeyr, yoxdu. 10 ildir Azərbaycanda öz çəkimdə bir nömrəyəm. Azərbaycan çempionu oluram. Həmdə yığma komandanın kapitanıyam. Axırıncı Azərbaycan çempionatında isə cəmi bir döyüş döyüşmüşəm. Çünki rəqiblərim hamısı mənimlə döyüşməkdən imtina elədilər, yalnız final döyüşüm baş tutdu. Elə bir idmançı ağlıma gəlmir. Amma xarici idmançılardan döyüşmək istədiyim var. İnşallah yaxın zamanlarda bu baş tutacaq.
 
 
- Ən yadda qalan qələbəniz hansı olub?
 
- Ən yadda qalan elə axırıncı döyüşüm oldu. Çünki, o cür zərbədən sonra mən qalxıb döyüşdüm və üstəlik qalib gəldim. Bu mənim üçün böyük uğurdur. Heç vaxt yadımdan çıxmaz.

- Bəs məğlubiyyət?

 
- Məğlub olduğum döyüş isə 2013 cü ildə Qəbələ şəhərində baş tutmuş yarışın finalında oldu. Orda da 8 nəfərin iştirakı ilə çempionat idi. Və mən iki güclü Çin və Ukraynalı idmançını məğlub edib finala çıxdım. Finalda isə rqib alman Juri Khel idi. Dünyada çox məşhur və güclü idmançı idi. Ama mən o döyüşdə 3 raund onu döydüm. Hakimlər dedilər ki, bərabər döyüşdür. 1 raundda əlavə döyüş verdilər - ekstra raund. Yenə də qalib gəldim. Ama qələbəni verdilər rəqib idmançıya. Soradan mənə məlum oldu ki, 5 hakimdən 3-ü azərbaycanlı idi, 2-si isə avropalı. Deməli, bu 3 azərbaycanlı hakim qələbəni verib rəqibə, 2 avropalı mənə verib. Bu haqsızlığı heç vaxt unutmaram. Bilmirəm bu yerli hakimlərin paxıllığı idi ya qonaqpərvərlik eləmək istəmişdilər (gülür).
- Boş vaxtlarınızda nə edirsiniz?
 
- Demək olar ki, boş vaxtım olmur. Bu il 8 döyüşüm oldu və hamısını da qələbə ilə başa vurmuşam. Demək olar ki, hər ay döyüşürəm. Ona görə də yarışdan qayıdan kimi 3 gün istirahət edib növbəti döyüşə hazırlaşıram. Gündə iki dəfə məşq edirəm. Səhər məşqdən sonra evə gəlib yatıram, bir də axşam məşqini eləyirəm. Yəni günüm ancaq məşq etməklə keçir.
- İdmançıların savadsızlığından həmişə narazılıq edilir. Sizin mütaliə ilə aranız necədir?
 
- Düzdür idmanla dərs oxumaq biraz alınmır. Mən orta məktəbdə yaxşı oxumuşam. Ən xoşladığım fənn biologiya olub. Ama sonra idmanda nailiyyətlər artdıqca məşqlərdə çətinləşdi və artıq dərs oxumağa vaxt qalmadı. Amma dünya çempionu olduğuma görə, idman nazirliyi tərəfindən imtahansız bədən tərbiyəsi və idman akademiyasına qəbul oldum. Kitab oxuyuram vaxt olduqca. Varis Yolçuyevin romanlarını çox oxuyuram. Çox yaxşı yazardı.
- Tələbələriniz var?
 
- Hələki məşq keçmirəm. Döyüşlərim çox olur deyə vaxt qalmır. Amma yaxın zamanda məşq keçmək fikrim var.
- Gənc idmançılara məsləhətiniz?

- Gənclərə demək istəyirəm ki, boş vaxtlarını çay evlərində keçirməsinlər. İdmanla, təhsillə məşğul olsunlar. İnsan həyata bir dəfə gəlir və həyatında nə olursa, hamısını bir dəfə yaşayır. Bir az yaşa dolduqda cavanlıqda olan şansları olmayacaq. Ona görə də nə qədər ki, gəncdirlər, gücləri var bundan maksimum dərəcədə yararlansınlar. İdmançılara məsləhətim odur ki, çempion olmaq istəyirlərsə dayanmadan məşq eləsinlər. Ola bilər uduzarlar. Bu onları həvəsdən salmasın, əksinə daha da artıq məşq etsinlər. Qarşılarına məqsəd qoysunlar. İcazə verməsinlər ki, onlara kimsə desin ki sən bunu bacarmadın. Əziyyət çəkib sübut etsinlər və desinlər ki mən bunu bacardım.

 

- Ən yadda qalan hadisə?

- Yadda qalan hadisə çox olur. Hər dəfə yarışa gedəndə maraqlı nəsə olur. Cənubi Afrikada olanda bizi dünyanın ən böyük zooparkına aparmışdılar. Bizi avtobuslara mindirdilər. Avtobusların üstü qəfəs kimi idi. Vəhşi heyvanlar öz kefində gəzirlər, biz də qəfəsdə oturmuşuq. Elə bil heyvanlar bizə baxırdı (gülür). Sonra gəldik restarana. Bizə zürafədən tutmuş timsah ətinə kimi yedizdirdilər. Yəni gətirdilər, kim istəyirdi ona dadmaq üçün bir az verdilər. Ən xoşuma gələn timsah bir də ağ piton əti oldu. Olsa yenə yeyərəm (gülür).

 

- Futbolla aranız necədir?
 
- Futbola heç baxmıram, nə də marağım yoxdur. Amma bu yaxınlarda Azərbaycan yığması və "Qarabağ"ın oyununa baxdım. Xarici komanda ilə oynayırdı deyə maraqlı gəlmişdi.

 

- Son sözünüz...
 
- Kikboks Federasyasinin prezidenti, millət vəkili cənab Adil Əliyevə çox sağ ol demək istəyirəm. Həqiqətən də, idmançılara həm mənəvi, həm də maddi cəhətdən çox kömək edir. Hər tərəfli qayğı göstərir. Bunun nəticəsi olaraq da kikboksularımız hər yarışdan medalla qayıdır. Öz məşqçim, əməkdar məşqçi Hakim Hacıyevə çox minnətdaram. Qazandığım bütün uğurlara görə ona borcluyam.

00:40 04.12.2016