KANAL24.AZ
Az Iw En Ru

Uşaqlarda allergiyanın profilaktikası

Bizi əhatə edən mühitdə həddən artıq miqdarda antigenlər - insan üçün yad olan zülallar mövcuddur. Bəzi insanların orqanizmi antigenlərlə “qonşu” olmaqdan heç bir zərər çəkmir, digərlərinin orqanizmi isə bu antigenlərə qarşı spesifik reaksiya verir ki, bu da allergiya adlanır.

Məsələn, bir nəfər yumurta yeyir, pişiyi sığallayır, hər hansı bir çiçəyi iyləyirsə ona heç nə olmur, digəri isə bu sadalananların hər birinin təsirindən hətta həyatını da itirə bilər.

Bronxial astma, atopik dermatit, allergik rinit - allergik xəstəliklər hesab edilir. Bəzi statistik məlumatlara əsasən dünyada hər dörd uşaqdan biri müxtəlif maddələrə qarşı allergiyadan əziyyət çəkir. Allerqiyanın ən qorxulu forması – anafilaktik şok. Anafilaktik şok - bütün həyati vacib orqanların zədələnməsi ilə gedən çox sürətli allergik reaksiyadır. Anafilaktik şok zamanı uşağa təxirəsalınmadan tibbi yardım göstərilməzsə, ürək və tənəffüsün dayanması nəticəsində ölüm baş verə bilər. Anafilaktik şok ancaq allergik uşaqda deyil, sağlam uşaqda da baş verə bilər. Ancaq, allergik uşaqda anafilaktik şokun başvermə təhlükəsi, əlbəttə ki, sağlam uşaqda olan təhlükədən daha çoxdur.

Allergiyaya meyllilik - irsi faktor hesab edilir. Əgər hər iki valideyn allergikdirsə, uşaqlarda allergiyanın inkişaf etmə ehtimalı 45%, onlardan biri allergikdirsə 20% təşkil edir. Ancaq tam sağlam olan valideynlərin heç birində allergiya olmadığı halda da, onların övladlarında müəyyən zərərli faktorların təsiri nəticəsində allergiya inkişaf edə bilər.

Uşaqlarda allergiyanın profilaktikasını ana hamilə olandan bəri başlamaq lazımdır. Gələcəkdə ana olmağa hazırlaşan qadın hamiləlik dövrünün toksikozlarını və digər müxtəlif xəstəliklərini vaxtında müalicə etməlidir. Müəyyən allergik xəstəliyi olan qadınlar öz sağlamlığına xüsusi diqqət yetirməlidirlər. Onlar öz qida rasionundan onlar üçün “təhlükəli” hesab edilən qidaları tam şəkildə çıxarmalı, həmçinin özlərini istənilən digər “təhlükəli” allergenlərdən də (toz, məişət kimyası, çiçək tozcuqları, kif göbələkləri və s.) maksimal dərəcədə qorumalıdırlar.

İstənilən allergenə qarşı (dərman, toz, qida və s.) allergiyası olan uşağın otağı hipoallergen olmalıdır. Bu o deməkdir ki, onun otağında tozu çətin alınan əşyalar - xalçalar, köhnə mebel, qalın pərdələr və s. olmamalıdır. Məişət tozunda uşaq üçün təhlükəli olan xeyli miqdarda allergenlər vardır. Ona gorə otaqda mebeli elə düzmək lazımdır ki, otağın bütün tinlərini nəm əsgi ilə silmək asan olsun. Uşagın otagını hər gün o otaqda olmayarkən təmizləmək lazımdır. Su filtri olan tozsoranlardan istifadə edilməsi daha məsləhətdir.

Otagın havasını tez-tez dəyişmək (yaxşı olar ki, gündüz saatlarında) də vacibdir. Otaqda yumşaq oyuncaqlar olmamalı, kitab və paltarlar isə mütləq bağlı şkaflarda saxlanılmalıdr. İstənilən növ allergiyası olan uşağın yastığı quş tükləri ilə deyil, sintetik materiallarla doldurulmuş olmalıdır. Yun döşək və yorğanı da sintetik materiallarla doldurulmuş yataq dəstləri ilə əvəz etmək lazımdır.

Nəm hava şəraiti olan zonaların yaşayış evlərində güclü allergen hesab edilən kif göbələkləri daha çox təsadüf edilir. Kif göbələkləri nəm, uzun müddət əzində təmir olunmayan, havası tez-tez dəyişdirilməyən otaqlarda, hamam otaqlarında, qopmuş divar kağızlarının (“oboy”) və divar suvaqın altında, məişət kondisionerlərinin içində və s. yerlərdə inkişaf edir. Buna görə də müasir vasitələrdən istifadə etməklə, yaşayış evlərində kif göbələklərinin istənilən təzahür formaları ilə mübarizə aparmaq lazımdır. Məişət kondisionerlərindən isə allergik uşaq olan evlərdə, ümumiyyətlə, imtina etmək (havaqovuculara -“ventelyatorlara” üstünlük verməklə) lazımdır.

Allergiyaya meylli olan azyaşlı uşaqlar üçün ev heyvanları çox təhlükəli hesab edilir. Ev heyvanı nə qədər yaxşı saxlansa da öz tükünün, yununun, lələyinin və s. kiçik hissəciklərini otağın sahəsi boyunca yaymış olur. Ona görə də evdə uşaq varsa (xüsusən də allergik uşaq), ev heyvanlarının saxlanmasından, ümumiyyətlə, imtina etmək lazımdır.

Bir çox hallarda allergik uşaqları açıq havada da qorumaq lazım gəlir. Bu xüsusən bitkilərin aktiv şəkildə çiçəkləndiyi zaman havada xeyli miqdarda çiçək tozcuqlarıolduğu yaz fəslinə aiddir. Bu tozcuqlar isə, məlum olduğu kimi, çox təhlükəli allergen hesab edilirlər.

Allergiyası olan uşaq üçün bəzi dərman preparatları (antibiotiklər, vitaminlər və s.) çox təhlükəli ola bilər. Zülalı əsasa malik olduqlarına görə belə uşaqlar üçün peyvəndlər də potensial təhlükəli hesab edilir. Ancaq bu heç də o demək deyil ki, allergik uşaqların valideynləri profilaktik peyvəndlərin vurulmasından, ümumiyyətlə, imtina etməlidirlər. Axı belə uşaqlar müxtəlif infeksiyalara yoluxmağa daha meylli olur və bu zaman onların müalicəsi də çox çətinliklə aparılır. Sadəcə olaraq, peyvənd vurulmasından bir neçə gün əvvəl və ondan 7-10 gün sonrakı müddət ərzində həkimin məsləhətinə uyğun olaraq uşağa antihistamin (allergiyaya qarşı) preparatları vermək məsləhət görülür.

Uşağın tez-tez xəstələnməsi (xüsusən da KRVİ və mədə-bağırsaq infeksiyaları ilə) allergiyanın inkişaf etməsinə təkan verə bilər. Allergiyası olan uşaqlarda infeksion xəstəliklərin profilaktikası üçün onları uşaq bagçasına verməmək, ictimai nəqliyyatdan (xüsusən də infeksion xəstəliklərin kəskinləşdiyi və artdığı dövrlərdə) mümkün qədər az istifadə etmək, çox sayda insanların olduğu tədbirlərdə iştirak etməmək lazımdır.

Allergiyası olan uşaq qrip, KRVİ və s. ilə yoluxmuş olarsa, ana dərman seçimində həddən artıq diqqətli olmalıdır. Uşağında allergiya olan hər bir anada nə vaxtsa uşagında allergiyaya səbəb olmuş preparatların siyahısı olmalıdır. Bu siyahı mütləq uşağa müalicə təyin edən hər bir həkimə göstərilməlidir. Uşağa çoxtərkibli dərmanların verilməsindən mümkün qədər imtina etmək lazımdır. Çünki allergiyanın baş verə biləcəyi halda, bu tərkib hissələrindən hansının allergen olduğunu müəyyən etmək mümkün olmayacaqdır. Xardal kağızı, kəskin iyi olan hər bir sürtkü vasitəsi, tərkibində bal olan preparatların allergiyası olan uşaqlarda istifadə edilməsi qəti səkildə yolverilməzdir.

Allergiyalı uşaqlar üçün ən yaxşı profilaktik vasitə - bədənin möhkəmləndirilməsidir. Bu, uşaqların immun sistemini yüksəldərək, onların orqanizmini istənilən xarici təsirlərə (həmçinin allergiyaya) qarşı mübarizədə daha qüvvətli edir. Bu məqsədlə bədən tərbiyəsi kimi sınanmış üsuldan da istifadə etmək olar. Ancaq bu zaman fiziki hərəkətlər ilk əvvəl çox olmamalı və yalnız uşaq özünü yaxşı hiss etdiyi halda artırılmalıdır.

Uşaqlar üçün tütün tüstüsü çox zərərli hesab edilir. Statistik məlumatlara əsasən, bronxial astma inkişaf edən uşaqların yarısı passiv (uzun müddət ərzində siqaret çəkənlərlə eyni otaqda olmaq) siqaret çəkənlərdir.

Məişət kimyası (ferment əlavələri olan yuyucu tozlar, aerozol formasında olan parfümeriya məhsulları) da allergik uşaq üçün təhlükəli ola bilər. Məhz buna görə allergik uşaq yaşayan evlərdə aerozol formasında olan parfümeriya məhsullarından istifadə edilməməli, uşağın əşyaları isə xüsusi hipoallergen yuyucu tozlarla yuyulmalıdır.

Allergiyası olan hər bir uşaq onda allergiya doğuran maddələri və məhsulları bilməlidir. Valideynlər bu barədə uşaqlarını tam şəkildə məlumatlandırmalı, həmçinin allergiya baş verdiyi hallarda ona kömək edə biləcək vasitələri öyrətməlidirlər. Məsələn, əgər uşaqda toza qarşı allergiya varsa, onu xəbərdar etmək lazımdır ki, allergiyanın ilkin əlamətləri başlayan kimi, tez bir zamanda tozlu otaqdan açıq havaya çıxmaq lazımdır. Uşaqda qida allergiyası varsa, uşaq özü onda hansı qidalara qarşı, əgər dərman allergiyası varsa, hansı dərmanlara qarşı allergiya olduğunu və s. məlumatları bilməlidir. Axı uşağın agır vəziyyətlərə düşdüyü hər bir anda valideynlər onun yanında olmaya da bilərlər. Bu halda uşaq özünü allergiyadan qorumağı və lazım gəldikdə özünə ilkin tibbi yardım göstərməyi də bilməlidir.


01:02 03.12.2016
Xəbər lenti
Bütün xəbərlər