KANAL24.AZ
Az Iw En Ru

Gennadi Sosonka: Olimpiadada sona qədər mübarizə aparmaq lazımdır

Şahmat üzrə Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin Əməkdar Məşqçisi Gennadi Sosonko Bakıda keçirilən “Qran-pri” turnirini izləmək üçün Azərbaycana gəlib.
Kanal24.az xəbər verir ki, mütəxəssis “Qran-pri”nin mətbuat xidmətinin suallarını cavablandırıb.
- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. “Qran-pri”nin ilk turları haqqında fikrinizi bilmək maraqlı olardı. İlk turlarda şahmatçılar sülhsevərliyi ilə diqqəti cəlb etdi.
- Bakı hər zaman gözəl olub. Bu səfərimdə paytaxtınızın yenə dəyişdiyini və daha da gözəlləşdiyini gördüm. Bu ilin yazında Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində iştirak etmişdim. Ona görə də Azərbaycanda şahmata olan diqqət məni təəccübləndirmir. Sizin ölkədə şahmatı sevirlər və onu oynamağı bacarırlar. Təşkilatçılıq yüksək səviyyədədir. Bütün partiyalardan canlı yayım təqdim edilir. Oyunlara gəldikdə “Qran-pri” dörd mərhələdən ibarətdir. İlk mərhələ Bakıda keçirilir. Ola bilər, şahmatçılar risk etməyə tələsmirlər. Amma son turlar çox maraqlı olacaq. Şahmatçılar liderlik uğrunda əsl mübarizəyə başlayacaq. “Qran-pri”də iştirak edən hər bir şahmatçı iddiaçılar turnirinə yollanmaq uğrunda yarışmalıdır. Əks halda, iştirak etmək mənasız olar. Təkcə heç-heçələr ilə iddiaçılar turnirinə yollanmaq mümkün deyil. Qələbə hər bir şahmatçıya vacibdir.
- Azərbaycanlı şahmatçıların çıxışı barədə nə deyə bilərsiniz?
- Altıncı tura qədər Teymur Rəcəbov bütün görüşlərini heç-heçə ilə başa vurub. Şəhriyar Məmmədyarov iki görüşdə uduzub. Əlbəttə, siz soruşsanız ki, hansının mövqeyi yaxşıdır, mən Teymur Rəcəbovu göstərərəm. Çünki 50 faiz nəticə yaxşıdır, nəinki iki dəfə məğlub olmaq. Məşhur Fişerin belə sözü var. Bilirsiniz ki, o güzəştsiz mübarizə ilə yadda qalıb. Fişer deyib ki, şahmatda heç-heçə oynamaq faciə deyil, faciə partiyanı xilas edə bilməyərək məğlub olmaqdır. Altıncı turda Teymur Rəcəbov Aleksandr Qrişuka qalib gəldi və mövqeyini yaxşılaşdırdı. Hər iki şahmatçıdan növbəti turlarda uğur gözləyirəm. Hərçənd, fikrimcə, Şəhriyar Məmmədyarov üçün vəziyyəti düzəltmək çətin olacaq.
- İki görüşdə məğlub olduğu üçün deyirsiniz?
- Əgər Şəhriyar Məmmədyarov turniri mənfi nəticə olmadan başa vursa mən yalnız sevinəcəyəm. İki görüşdə məğlub olub. Bu görüşlərin əvəzini çıxmaq üçün iki qələbə lazımdır. Bu heyətlə mübarizə aparmaq asan deyil. “Qran-pri”də zəif şahmatçı yoxdur. Ona görə onu mənfi olmadan başa vurmaq normal nəticə sayılacaq.
- Teymur Rəcəbov artıq bir müddətdir ki, Vladimir Çuçelov ilə işləyir. Vladimir Çuçelov Fabiano Karuana ilə yüksək nəticələr əldə edib. Bu mənada Teymurdan gələcək yarışlarda daha böyük uğur gözləmək olar?
- Vladimir Çuçelovun böyük məşqçi olması hamıya məlumdur. Bu barədə şübhəmiz yoxdur. Ancaq şahmatçıdan çox şey asılıdır. Hər bir amili məşqçi ilə əlaqələndirmək olmaz. Şahmatçıdan böyük həvəs, istək və gərgin məşqlər tələb olunur. T.Rəcəbov gəncdir və fikrimcə, ən böyük uğurları qarşıdadır. O, artıq atadır, onun qızı var. Yəni, müəyyən baryerləri keçib. “Qran-pri”yə gəldikdə T.Rəcəbov bütün partiyaları bərabər səviyyədə oynayıb. Hətta üstün durumda olduğu görüşləri də izləmişik. Deməli, son nöqtəni qoymaq lazımdır. Ona görə nəticələr özünü çox gözlətməyəcək.
- Ş.Məmmədyarov onun üçün Bakıda oynamağın çətin olduğunu deyib. Bəlkə psixoloji cəhətdən problem var...
- Şəhriyar Məmmədyarovun dediyi sözlər həqiqətdir. Şəmkirdə olanda da onun zəif oyununu izlədik. Ş.Məmmədyarovun oyunu doğma ölkədə alınmır. Hər halda şahmat futbol deyil. Burada doğma divarlar o qədər kömək etmir. Azərbaycanda keçirilən yarışlarda yaxınları, qohumları onu izləyir. O, istəyir daha yaxşı nəticə ilə onları sevindirsin. Təəssüf ki, əksi baş verir. Bu məqamda Korçnoy deyərdi ki, Şəhriyar Məmmədyarova psixoloqla işləməyi məsləhət görərdim. Korçnoy ən yaxşı vaxtlarında psixoloqla çalışıb. İnsana özünəinamı artırmağa kömək edir. Burada pis heç bir şey yoxdur. Şəhriyar Məmmədyarov emosional insan və şahmatçıdır. Onun zala daxil olması və oyunda özünü aparması dediklərimi sübut edir. Şəhriyar Məmmədyarov səviyyəsində şahmatçı üçün xırdalıq olmur. Əgər psixoloq ona yarım xal artırmağa imkan versə belə bu, karyerasında dönüş yaradacaq.
- Kişi şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olub. Hələlik olimpiadada medal qazana bilmirik....
- Sizin şahmatçıları çox yaxşı tanıyıram. Son olimpiadada əsl mübarizə göstərdilər. Xalifmanın rəhbərliyi altında oyunları yaxşı alınır. Sonda əlavə göstəricilərə görə beşinci oldular. Xal hesabına görə ikinci yerli eyni toplamışdılar. Bu mənada Azərbaycan millisindən növbəti olimpiadada daha yaxşı nəticə gözləmək mümkündür. 2016-cı ildə keçiriləcək olimpiadada şahmatçılarınız mükafatçılar sırasında yer ala bilər. Mən onlardan əsl mübarizlik gözləyirəm. Olimpiadada sona qədər mübarizə aparmaq lazımdır. Medal olsa lap yaxşı, olmasa belə əsas gözəl oyun nümayiş etdirməkdir. Unutmayaq ki, son olimpiadada komandanız reytinqcə səkkizinci idi, amma beşinci oldu.
- Bakıda keçiriləcək Dünya Kuboku və şahmat olimpiadasında Ermənistan komandasının iştirak edib-etməyəcəyi məlum deyil. Sizcə, onlar Bakıya gələcək?
- Azərbaycan və Ermənistan arasında məlum münaqişə 25 ildən artıqdır davam edir. Ermənistan şahmatçılarının Azərbaycana gəlməsi məsələsi yəqin ki, ən yuxarı səviyyədə müzakirə olunacaq. Bu məsələni kapitan və ya şahmatçı həll etmir. Mən istərdim ki, Ermənistan yığması həm Dünya Kuboku, həm də şahmat olimpiadasında iştirak etsin. Güləş, boksdan fərqli olaraq şahmat turnirləri heç olmasa iki həftə davam edir. Ona görə bu idman növlərini müqayisə etmək istəməzdim. Hansı qərarı qəbul edəcəklərini deyə bilmərəm. Amma əminəm ki, Azərbaycan bu yarışı yüksək səviyyədə təşkil edəcək.
- Şəhriyarla Teymurdan sonra Azərbaycan şahmatçıları reytinqi 2700-ə çatdıra bilmir. Qədir Hüseynov, Eltac Səfərli, Rauf Məmmədov uzun illərdir reytinqlərini yüksəltməkdə çətinlik çəkirlər. Millimizin sabiq kapitanı Zurab Azmayparaşvilinin fikrincə, nəticə qazanmaq üçün gərək həyatını şahmata qurban verəsən...
- Z.Azmayparaşvilinin sözündə həqiqət var. Onun fikri ilə razılaşmaya bilmərəm. Ancaq şahmatçıları müdafiə etmək istərdim. 26-27 yaşlı gənc üçün həyatını yalnız şahmata - piyada, vəzir, top fiqurlarına və taktikaya həsr etmək çox çətindir. Demək asandır, amma çox çətindir. Azərbaycan şahmat həyatı ilə tanış deyiləm. Bəlkə adını çəkdiyiniz şahmatçılardan başqa daha istedadlı gənclər var. Onlar daha çox işləməklə reytinqlərini artıra bilərlər.
- Azərbaycan şahmatçılarının əsas hədəfi şahmat tacını Bakıya gətirməkdir. Sizcə Maqnus Karlseni azərbaycanlı şahmatçılardan kimsə dayandıra bilər?
- Alman Emanuel Lasker dünya çempionu olduğu müddətdə Alyoxin demişdi ki, gərək Kapablanka ilə matça hazırlaşım. Ondan soruşurlar ki, axı dünya çempionu Laskerdir. O, cavab verir ki, Kapablanka gələcək çempiondur. Nəticədə Alyoxin Kapablankaya qalib gələrək çempion oldu. İndi Maqnus Karlsenə və ya Fabiano Karuanaya qarşı hazırlaşmaq lazım deyil. Əvvəlcə “Qran-pri”də, sonra iddiaçılar turnirində qalib gəlmək lazımdır. Nə vaxt qarşına Karlsen və ya Karuana çıxacaq onda onlarla mübarizə aparmaq gərəkdir. Potensialı düzgün istifadə etmək vacib amildir. Şahmatçı düşünməlidir ki, şahmat tacı ilə Vətənə gəlsə bütün xalq onu qarşılayacaq. Bu, qələbə onun həyatını dəyişəcək.


15:00 10.10.2014
Xəbər lenti
Bütün xəbərlər