KANAL24.AZ
Az Iw En Ru

“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı”nın Avropa Parlamentində təqdimatı keçirildi – FOTO

Noyabrın 9-da “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Belçika Krallığında işgüzar səfərdə olub.

Səfər çərçivəsində T.Ziyadov Avropa Komissiyasının Nəqliyyat və Hərəkətlilik üzrə Baş Direktoratlığının rəhbəri Henrik  Hololoi ilə danışıqlar aparıb.

Görüş zamanı Bakı Limanının fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. 

Avropa Parlamentində, həmçinin “Avropaya Yeni Giriş – Bakı Limanı” adlı təqdimat mərasimi keçirilib.

Tədbir Avropa Parlamentinin üzvləri olan deputatlar İvo Vayql (Sloveniya) və Gesine Maysnerin (Almaniya) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə müxtəlif Aİ təsisatlarını təmsil edən 100-dən çox rəsmi nümayəndə və Avropa Parlamentinin bir sıra deputatları, Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, eləcə də Belçikada fəaliyyət göstərən beyin mərkəzləri, akademik dairələr və KİV nümayəndələri də iştirak ediblər.

Təqdimat mərasimi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən videoçarxla başlayıb. 

Daha sonra İ.Vayql açılış nitqi ilə çıxış edib və Azərbaycanın ötən müddət ərzində müstəqil inkişafına toxunub, Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən islahatlardan və bu xüsusda, regionun strateji nəqliyyat qovşağına çevrilməsi prosesinin sürətlənməsindən bəhs edib.

İ.Vayql çıxışı zamanı Aİ-nin etibarlı enerji tərəfdaşı olması ilə yanaşı,  Azərbaycanın Aİ üçün strateji nəqliyyat tərəfdaşı kimi də dəyərləndirilə biləcəyini bildirib. 

Daha sonra çıxış edən Avropa Parlamentinin deputatı Gesine Maysner Azərbaycanda tranzit imkanlarının geniş olması ilə bağlı məqamı qeyd edib  və Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini vurğulayıb. 

G.Maysner, həmçinin bu tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.

Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırkı fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası, infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) layihəsinin strateji-iqtisadi əhəmiyyətinə dair geniş məlumat verib. 

Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) olacağına, Avropa və Asiyanı birləşdirən, geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyinə və bununla tarixi İpək yolunun yenidən canlanmasına öz xüsusi töhfəsini verəcəyinə dair fikirlərini bölüşüb. 

Baş direktor cari ilin 7 sentyabr tarixində dünyada tanınmış “DP World” şirkəti ilə məsləhətçi qismində müqavilənin imzalandığını və Ələtdə yerləşən yeni Bakı Limanı və ətrafında ATZ qurulduğunu qeyd edib. 

O vurğulayıb ki, Zonada nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

Bununla da ATZ-də minlərlə yeni iş yeri açılmış olacaq bu da öz növbəsində ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradılacaq. 

Daha sonra, 2018-ci ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors – IAPH) illik konfransına dair məlumat verilib və tədbirdə iştirak edən nümayəndələr konfransa dəvət edilib.  

Təqdimat mərasiminin sonunda yekun nitqi ilə çıxış edən İvo Vayql tədbir iştirakçılarına və Taleh Ziyadova öz təşəkkürünü bildirib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam dəstəyini ifadə edən Aİ-nin mövqeyini bir daha səsləndirib. 

Əlavə olaraq, Taleh Ziyadovun Bakı Limanına dair verdiyi geniş və dolğun müsahibəsi Aİ-nın nüfuzlu media orqanı hesab edilən “Euroactiv” xəbər portalında yerləşdirilib. https://www.euractiv.com/section/europe-s-east/interview/ziyadov-baku-will-become-a-dubai-like-hub-in-eurasia/

 


01:00 01.01.1970
Xəbər lenti
Bütün xəbərlər