KANAL24.AZ
Az Iw En Ru

Qapalı məkanlarda siqaretə QADAĞA! - Bu xəbər hansı məşhurları üzdü?

Millət vəkili Musa Quliyev Azərbaycanda bütün qapalı məkanlarda siqaret çəkməyin qadağan edilməsini təklif edib.

Milli Məclisin əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində fərdi iş otaqları və yaxud xüsusi ayrılmış qapalı yerlərdə siqaret çəkilməsinə icazə verilir.

Təklif olunan qanun layihəsinə münasibət bildirən Millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirdi ki, siqaretlə mübarizə bu günün aktual məsələlərindən biridir:

“Təəssüflər olsun, bu gün çox sayda gəncimizin siqaretə alüdə olduğunun şahidi oluruq. Buna görə də siqaret çəkilməsinə qarşı mübarizə aparılmalı, bunun içərisində təbliğat və qadağalar öz əksini tapmalıdır. Dünyanın bir çox yerlərində qapalı məkanlarda siqaretin çəkilişi qadağan edilib. Amma nəzərə alaq ki, radikal şəkildə keçid öz səmərəsini verməyə bilər.  Qanuna cavabdeh olan şəxslər siqaret çəkən olduqlarından, buna göz yumurlar. Ona görə də, ilkin mərhələdə qapalı məkanlarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılması ola bilər. Bununla da insanları istədiyi yerdə deyil, konkret siqaret çəkilən yerdə siqaret çəkilməsinə alışdıra bilərik. İkinci mərhələdə isə, o tamamilə qadağan edilə bilər. Hesab edirəm ki, siqaretlə mübarizədə maksimum şəkildə daha çox addımlardan və metodlardan istifadə etmək lazımdır”.

Hazırda millət vəkili, keçmişdə isə karate üzrə Dünya çempionu olan Ülvi Quliyev bu barədə bildirdi ki, siqaret çəkənlərin sayı nə qədər az olsa, o qədər yaxşıdır:

“Təbii ki, siqaret çəkmək onların şəxsi hüququdur. Lakin o demək deyil ki, onlar ətrafdakı insanların da sağlamlığına zərər gətirməlidirlər. Mən siqaret çəkməkdə məhduduyyət qoyulan məkanların sayının artmasının tərəfdarıyam. Və yaxşı olardı ki, hər bir qapalı ictimai yerdlərdə siqaret çəkmək qadağan olunsun. O ki qaldı idman obyektlərinə, heç bir idman mərkəzlərində, o cümlədən stadionlarda siqaret çəkilməmlidir. İdmanla siqaret ziddiyyət təşkil edri. Belə bir qanun Milli Məclisdə müzakirə olunarsa, mən ona iki əlli səs verərəm. Qeyd edim ki, özüm heç vaxt siqaret çəkməmişəm. Yanımda kimsə siqaret çəkəndə başım ağrıyır”.

Müğənni Ədalət Şükürov 30 ildir siqaret çəkməsinə baxmayaraq, onu çəkməyin tərəfdarı olmadığını bildirdi:

“Siqaret çəkmək yaxşı şey deyil. Təəssüflər olsun ki, mən çəkirəm. Amma istəyərdim ki, qapalı yerlərdə siqaret çəkmək qadağan olunsun. Yaxın zamanda Ukraynaya getmişdim. Orada kafe, restoran və otellərdə siqaret çəkmək qadağandır. Rusiya və Türkiyədə də həmçinin. Amerikada isə ancaq küçədə çəkmək olar. Baxmayaraq ki, mən çəkirəm, amma tərəfdarı deyiləm”.

Ekoloq Telman Zeynalov qeyd etdi ki, açıq havada da istənilən yerdə siqaret çəkmək olmaz:

“Siqaret ictimai qapalı yerlərdə qadağan olunmalıdır. Onun çəkilməsi üçün xüsusi yer ayrılmalı və orada mütəmadi olaraq hava axını təmin olunmalıdır. Başqa yerlərdə siqaret çəkənlər isə mütləq cərimələnməlidir. Açıq havada siqaret çəkmək olar, ancaq gəzən yerdə yox. Xüsusi yerlər var. Oturacaqdır, yanında da siqaret üçün zibil qutusu var. Bax həmin yerdə siqareti çəkib, sonra yola davam etmək lazımdır”.


05:57 30.10.2016
Xəbər lenti
Bütün xəbərlər