KANAL24.AZ
Az Iw En Ru

Bakının ən yaxşı muzeyləri: xalça, kukla və teatr

Azərbaycanda muzey işinin zəngin tarixi var. XIX əsrin sonlarından etibarən sürətlə inkişaf edən hadisələr və ictimai-siyasi və mədəni şüurun formalaşması ilə əlaqədar ölkədə müasir tipli muzeylərin yaradılmasına başlanılıb. Hazırda Azərbaycanda 250-dən çox dövlət və özəl muzey fəaliyyət göstərir, onların ən böyükləri paytaxtda yerləşir. Onların sırasında unikal muzeylər də var, məsələn, dünyada ilk Xalça Muzeyi, kolleksiyası Ginnesin Rekordlar Kitabına salınmış Miniatür Kitab Muzeyi.

Sizin nəzərinizə Azərbaycanın ən maraqlı muzeylərinə həsr edilən məqalələr silsiləsini təqdim edirik. Onlarla tanışlıq Azərbaycan haqqında daha çox öyrənməyə və səyahətdən əlavə zövq almağa imkan yaradacaq.

Azərbaycan Xalça Muzeyi

1967-ci ildə yaradılmış Lətif Kərimov adına Azərbaycan Xalça və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi dünyada ilk ixtisaslaşmış muzey idi. Muzey 2014-cü ildə Bakının Dənizkənarı Parkında yerləşən bükülmüş xalçanı xatırladan yeni orijinal binaya köçüb. Hazırda “Azərbaycan Xalça Muzeyi” adlanan bu muzeyin sərgi zallarında və fondunda tunc dövründən bu günümüzə qədər olan dövrü əhatə edən 13 min 300-dən çox eksponat qorunub saxlanılır.

Muzeydə Quba, Qəbələ, Şirvan, Qazax, Təbriz, İrəvan, Gəncə, Şəki və digər şəhər və regionlardan Azərbaycanın çoxəsrlik tarixini əhatə edən qiymətli eksponatlar və sənət əsərləri təqdim edilir. Onların sırasında tunc dövrünə aid tapıntılar (keramika və tunc predmetlər), xalçaçılıqda istifadə edilən alətlər, XII əsrin saxsı qabları, XIX əsrin bədii tikmə nümunələri və milli geyimləri, metal, ağac, şüşə və zərgərlik məmulatları, silahlar var. Əlbəttə ki, Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri üçün səciyyəvi olan milli ornament və süjetlərlə işlənmiş xalça və xalça məmulatları - xovlu (xalça, xalı, dəst xalı, gəbə), xovsuz (palaz, kilim, cecim, sumax, şəddə, vərni, zili), habelə xurcun, çul, heybə, məfrəş, yəhər qaşlığı və s. xüsusilə qeyd edilməlidir.

Xatırladaq ki, 2010-cu ilin noyabr ayında “Azərbaycanın xalça sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Muzeydə yunun qırxılması, yuyulması, rənglənməsi, sap əyrilməsindən başlayaraq xalçanın ərsəyə gəlməsinin tam mərhələsi nümayiş olunub.

Ekspozisiyada Azərbaycan Xalça Muzeyinin banisi, Xalq Rəssamı Lətif Kərimovun və XX əsrin digər məşhur xalçaçılarının işləri xüsusi yer tutur.

Muzeydə təqdim edilən xalça sənətinin ən qədim predmetləri sırasında iki milli xalçanı – XVII əsr Qarabağ məktəbinə aid “Əjdaha xalçası” və XIX əsr Şirvan məktəbinə məxsus “Salyan xiləsi”ni muzeyə Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts hədiyyə edib. Burada, həmçinin XVII əsr Təbriz məktəbinə aid “Ovçuluq” xalçasının surətindən fraqmenti görmək olar. Xalçanın orijinalı Vyanada Avstriya Tətbiqi Sənət Muzeyində saxlanılır.

Azərbaycan Xalça Muzeyinin digər qiymətli eksponatı XVIII əsrə aid “Xilə Əfşan”dır. Bu, Bakı yaxınlığındakı Xilə (Əmircan) kəndində toxunub. Eksponatlar sırasında Muzeyin Şuşa filialının xalçaları, qiymətli əşyaları və predmetləri də yer alır. Bunları 1992-ci ilin əvvəlində Şuşa erməni işğalçılarının mühasirəsində olarkən filialdan bütünlüklə çıxarmaq mümkün olub. Əsli Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan “Şeyx Səfi” xalçasının surəti də maraq doğurur.

Kukla Muzeyi

2013-cü ildə Azərbaycanın paytaxtında açılan “Kukla” incəsənət qalereyası Cənubi Qafqazda bu sahə üzrə ilk ixtisaslaşdırılmış qalereyadır. Qalereyanın əsas vəzifəsi azərbaycanlı və xarici tamaşaçıları 25 min il yaşı olan kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Vaxtilə ayin, oyun kimi yaranmış, sonralar teatr aləti olmuş kukla hazırda bədii sənət əsərinə çevrilib və digər sənət növləri arasında layiqli yerini tutub. Kukla üzrə məşhur ustaların işləri təkcə prezident və kralların şəxsi kolleksiyalarında deyil, o cümlədən dünyanın ən məşhur muzey və qalereyalarında nümayiş etdirilir.

Bakının “Kukla” qalereyasının yaradılmasının mənbəyində Azərbaycanda peşəkar müəllif bədii kuklalarının banisi Elmira Abbaslı dayanır. Muzeydə həm Azərbaycan sənətkarlarının, həm də xarici sənət məktəbinin ən yaxşı nümayəndələrinin işləri yer alıb. Azərbaycan ekspozisiyada Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina və Tamilla Qurbanova kimi kukla ustalarının sənət əsərləri ilə təmsil olunur. Bu sənətkarlar mürəkkəb və dərin məzmuna malik kukla kompozisiyalarının müəllifləri kimi ölkəmizdə və xaricdə nüfuz qazanıblar.

Kukla sənətinin xarici məktəbləri (Rusiya, Ukrayna, İtaliya, Fransa) qalereyada müxtəlif janrlarda çalışan tanınmış müəlliflərin işləri ilə təmsil olunur: Yelena Mixaylova (interyer-kuklaları), Lada Repina (kukla art-obyekt kimi), İrina Deyneko (fəşn kukla), Roman Şustov (kukla heykəltəraşlığı), Viktoriya Kukalo (stim-pank), Anna Fadeyeva (personaj kuklanın folklor kukla ilə birləşməsi), Nadin Lapinlauski (klassik kukla), Tatyana Liseviç (Teddi ayı), Katerina Veştak-Andreone (klassik kukla), İrina Veştak-Ostromenskaya (kukla heykəltəraşlığı). “Kukla” art-qalereyasının giriş lövhəsini Rusiyadan dəvət olunmuş art-mexanika üzrə mütəxəssis Viktor Qriqoryev hazırlayıb.

Qalereyada daimi ekspozisiya ilə yanaşı, Azərbaycan və xarici kukla sənətkarlarının müxtəlif sərgiləri, art-nümayişlər və digər maraqlı tədbirlər keçirilir.

Qalereyanın rahat zalı möhtəşəm eksponatları ilə bakılıların və şəhərimizin qonaqlarının sevimli məkanlarından birinə çevrilib.  

Azərbaycan Dövlət Teatr Muzeyi

Muzey 1934-cü ildə açılıb, bir ildən sonra isə ona Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının adı verilib.

Zaqafqaziyada unikal Teatr Muzeyinin yaradılması Bakı Teatr Texnikumunun direktor müavini Ağakərim Şərifovun xidmətidir. O, 1920-ci ildən muzey üçün materiallar toplayıb. Muzey Mərkəzinin üçüncü mərtəbəsində yerləşən 7 zaldan ibarət teatr muzeyində Azərbaycan teatrı tarixinin bir əsrdən artıq dövrünü əhatə edən 135 mindən çox eksponat qorunub saxlanılır. Bunlar 700 məşhur teatr xadiminin şəxsi arxivi, demək olar ki, bütün teatr tamaşalarının proqram və afişaları, əlyazmaları, memorial predmetlər, fotolar və neqativlər, ayrı-ayrı tamaşaların dekorasiya və eskizləri, maketlər, kostyumlar, rekvizitlər və digər eksponatlardır.

Burada toplanmış nadir eksponatlar sayəsində milli teatrın yaradılması və inkişafının müxtəlif mərhələləri, Azərbaycan mədəniyyəti tarixində əvəzsiz rol oynamış ziyalılar və maarifçilər, səhnə korifeyləri və ustaları haqqında dolğun məlumat almaq olar. Muzeydə saxlanılan eksponatların əksəriyyəti orijinaldır. 1873-cü ildə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, ilk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 1926-cı ildə Şərq üslubunda oynanılmış “Hamlet” tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera olan “Leyli və Məcnun”un premyera proqramı muzeyin ən qədim eksponatlarındandır.

El şənliklərində rast gəlinən teatr elementlərini əks etdirən rəsmlər, XIX əsrin əvvəllərində Avropa tipli peşəkar teatrın yaranmasında və inkişafında ilk cığırları açan sənət fədailərinə aid materiallar, həmçinin həmin dövrün teatr həyatını əks etdirən ipək üzlü yastıq və parçalar üzərində yazılmış proqramlar, ilk Şərq konsertində çalınmış musiqi alətləri böyük maraq doğurur. Muzeyə gələnlərə milli teatr sənətinə Azərbaycanın hüdudlarından kənarda şöhrət qazandıran bir çox sənətkarlar barədə məlumat verilir. Burada Yaxın Şərqdə və Zaqafqaziyada dramaturgiyanın banisi olan Mirzə Fətəli Axundzadəyə, fədakarlığı ilə dünya teatrlarına örnək ola biləcək Hüseyn Ərəblinskiyə, müsəlman aləmində opera və operetta janrının əsasını qoymuş dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyliyə, ilk peşəkar opera müğənnisi Bülbülə, opera ifaçısı olan ilk azərbaycanlı xanım Şövkət Məmmədovaya həsr olunmuş guşələr var.

Muzeyin pavilyonlarında müntəzəm olaraq müxtəlif mövzularda sərgilər təşkil edilir, şəxsi kolleksiyalar, fondlarda saxlanılan nadir eksponatlar nümayiş etdirilir, teatr sənətinin böyük ustalarının xatirə gecələri keçirilir, onların fəaliyyəti haqqında mühazirələr oxunur.

(Davamı var)

Emil Eyyubov

 AZƏRTAC 

Materialın hazırlanmasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Bakının muzeyləri, qoruqları, qalereyaları” bukletindən istifadə edilib.


05:11 21.09.2016
Xəbər lenti
Bütün xəbərlər