KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev 8 fərman, 5 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

 Kanal24 xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

 

***

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən, “Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 12, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 80) ləğv edilib.

 

***

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403, № 7, maddə 619; 2012, № 5, maddə 422, № 12, maddə 1233; 2014, № 5, maddə 483) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilsin.

 

***

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında 2016-cı il iyulun 12-də Kabil şəhərində imzalanmış Saziş təsdiq edilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyibə bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. 

 

***

 

18:13

 

Prezident İlham Əliyev Q.Ə.Mikeladzenin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında jurnalistika və publisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladze "Şöhrət" ordeni ilə təltif edilsin”.

 

***

 

Prezident İlham Əliyev Ə.Ə.Namazovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz qızı Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

 

***

Prezident İlham Əliyev Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Salyan rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 55,2 dəfə, tikinti-quraşdırma işləri 101,8 dəfə artmış, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Mərkəzi rayon Xəstəxanası yenidən qurulmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 43 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə qərara alıram:

 

1. Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

 

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

“Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanından irəli gələn məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 167; 2010, № 4, maddə 296; 2011, № 4, maddə 277; 2014, № 5, maddə 477; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) 3-cü hissəsinə “tabeliyindəki” sözündən əvvəl “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri əlavə edilsin”.

 

***

 

18:58

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.

 

2. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etsin;

 

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

 

***

Prezident İlham Əliyev Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

 

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncam deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

 

***

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5, maddə 477; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) 2-ci hissəsinin üçüncü abzasında “Qiymətli kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 470; 2006, № 7, maddə 590; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 3.1-ci bəndində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 125; 2016, № 6, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2016 cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 4.1.5-ci, 4.1.6-cı və 4.1.8-ci yarımbəndlərin “İcraçılar” sütununa “Mərkəzi Bank” sözlərindən əvvəl “Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri əlavə edilsin;

 

3.2. 4.1.7-ci yarımbəndin “İcraçılar” sütununda “Mərkəzi Bank” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 905) ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin 8-ci hissəsində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasında” sözləri ilə əvəz edilsin.

 

5. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 299; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2009, № 12, maddə 1043; 2014, № 4, maddə 391, № 5, maddə 477; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nın 1-3-cü, 5-ci, 7–9-cu və 15-ci hissələrinin “İcraya məsul” sütununda “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1138; 2008, № 1, maddə 9, № 3, maddə 168; 2009, № 12, maddə 1043; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın 23-cü hissəsinin “İcra orqanları” sütununda “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

7. “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 409; 2014, № 5, maddə 477, № 9, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2016 cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

 

7.1. 2-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;

 

7.2. həmin Fərmanla təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın 5-ci hissəsi üzrə:

 

7.2.1. 1.1-ci, 1.5-1.9-cu, 3.5-3.9-cu, 4.5-ci, 5.12-ci, 6.1-6.7-ci, 6.9-cu və 6.10-cu yarımbəndlərin “İcraçı” sütununda “QKDK” akronimi “MBNP” akronimi ilə əvəz edilsin;

 

7.2.2. 5.12-ci, 6.1-ci və 6.2-ci yarımbəndlərdə “Tədbirin adı” sütununda ismin müvafiq hallarında “QKDK” akronimi ismin müvafiq hallarında “MBNP” akronimi ilə əvəz edilsin;

 

7.2.3. 6.8-ci yarımbəndin “İcraçı” sütununda “QKDK, MB” akronimləri “MBNP” akronimi ilə əvəz edilsin;

 

7.3. “Akronimlər” hissəsində “QKDK Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “MBNP Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

8. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.2-ci bəndinin üçüncü abzasında “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

9. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 704; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 334) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.3.5-ci yarımbəndinin “İcraçı orqanlar” sütununda “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

10. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 894; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.3.9-cu yarımbəndinin “İcraçı orqanlar” sütununda “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

 

11. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 5.14.2-ci yarımbəndinin “İcraçılar” sütununa “Mərkəzi Bank” sözlərindən əvvəl “Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri əlavə edilsin”.

 

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının struktur elementlərinin ləğv edilməsi haqqında fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 423; 2003, № 10, maddə 585; 2004, № 8, maddə 617, № 9, maddə 678; 2005, № 10, maddə 910; 2008, № 9, maddə 798, № 11, maddə 970; 2009, № 3, maddə 162, № 7, maddə 523; 2010, № 2, maddə 80) 2-ci, 3-cü, 16-cı və 17-ci hissələri ləğv edilsin.

 

2. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 162, № 7, maddə 533, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 10, maddə 851; 2011, № 2, maddə 85, № 10, maddə 897) 1-ci və 2-ci hissələri ləğv edilsin.

 

3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 525; 2010, № 8, maddə 725) 1-ci hissəsi ləğv edilsin.

 

4. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019 IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 497) 2.3-cü bəndi ləğv edilsin”.


04:11 08.09.2016
Xəbər lenti
Bütün xəbərlər