KANAL24.AZ
Az Iw En Ru

“Dərs” filmi “Kinoşok” beynəlxalq film festivalında

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” (Киношок) beynəlxalq film festivalının “KinoMalıŞok”(КиноМалыШок) müsabiqə proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçiriləcək. Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.


21:26 02.09.2016
Xəbər lenti
Bütün xəbərlər