KANAL24.AZ
Az Iw En Ru

Aygün erməni təxribatı ilə bağlı mətbuata açıq məktub ünvanlayıb

Müğənni Aygün Kazımova Almaniyada keçirilən beynəlxalq mükafatlandırılma mərasimində erməni təxribatının qarşısını almasının gerçəyi əks etdirməməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
 
Müğənni mətbuata açıq məktub ünvanlayıb: “Siruşonun "Sarı gəlin" mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun "Sarı gəlin" mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxt az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Daha sonra dərhal Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı və dərhal mənimlə Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu".
 
Aygün Kazımova həmçinin Almaniya səhnəsində çıxışdan imtina edəcəyini belə, göz önünə aldığını qeyd edib:"Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu və mütləq səhnəyə çıxmağımı məsləhət gördü. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər "Sarı gəlin" mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlanmışdı. Amma şükür ki, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı".
 
A.Kazımova mükafat alacaq sənətçilərin hansı mahnını ifa etmələri haqda məlumatın əvvəldən verilmədiyini bildirib:"Yazırlar ki, ermənilərin tanıtım çarxında "Sarı gəlin" olmayıb. Və guya bu, o deməkdir ki, onlar "Sarı gəlin"i ifa etməyəcəkmiş. Əlbəttə əvvəldən bilinsəydi ki, bunun qarşısı  alınardı. Məncə bu, erməni hiyləsi idi. Amma təəssüf ki, yerli mediamızda erməni dəyirmanına su tökən qurumlar da fəaliyyət göstərir. Azərbaycanın tanıtım çarxında mənim "Hayat ona güzel" və "İkinci sen" mahnılarım istifadə olunub. Mən isə "Coffee from Colombia" mahnımı ifa etmişəm. Yəni, tanıtım çarxında müğənnilərin müxtəlif mahnılarından istifadə olunub".
 
Son olaraq müğənni bu işdə dövlət qurumlarımızın təxirəsalınmaz fəaliyyəti üçün onlara minnətdar olduğunu da vurğulayıb: "Öz adımdan, bütün komandam adından Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Berlindəki səfirliyinə təşəkkürümü bildirirəm".

21:32 30.08.2016
Xəbər lenti
Bütün xəbərlər