KANAL24.AZ
Az Iw En Ru

UEFA Avropa Liqası: “Qəbələ” “Maribor”a 3:1 hesabı ilə qalib gəlib[YENİLƏNİB]

Avqustun 18-də UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.


Qitənin ikinci klub turnirindəki təmsilçimiz “Qəbələ” öz meydanında “Maribor”u (Sloveniya) qəbul edib.


“Dalğa Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks və Rafael Santos yer alıblar.


Sloveniya təmsilçisinin start heyətində isə meydançaya Handanoviç, Janza, Şuler, Vrhovec, Pihler, Tavares, Novakoviç, Vrşiç, Defendi, Bohar və Şme çıxıblar.
Oyunu Aleksey Kulbakovun rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib.
Matça sürətli hücumlarla başlayan “Qəbələ” rəqib qapısında bir neçə təhlükəli qol vəziyyəti yaratsa da, əks-hücum imkanından yararlanan Sloveniya klubu 17-ci dəqiqədə Tavaresin qolu ilə hesabı açıb – 0:1. Hissənin sonlarına yaxın Roman Qriqorçukun komandası buraxdığı qoldan sonra hücumları bir qədər də gücləndirib. Nəhayət, 37-ci dəqiqədə Sergey Zenyov hesabı bərabərləşdirib. Matçın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.
İkinci hissənin əvvəlində “Qəbələ” rəqib qapısından daha iki qol keçirib. 50-ci və 52-ci dəqiqələrdə Baqali Dabo dubla imza atıb -3:1. “Maribor”a qol şansı verməyən Roman Qriqorçukun yetirmələri cavab görüşü üçün münasib hesabı sonadək qoruya biliblər.
Beləliklə, Sloveniyanın “Maribor” komandasına 3:1 hesabı ilə qalib gələn “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı imkan əldə edib.
Komandalar arasında cavab matçı bir həftə sonra oynanılacaq.

 


06:49 19.08.2016
Xəbər lenti
Bütün xəbərlər