KANAL24.AZ
Az Iw En Ru

“Təhsil üçün əl-ələ” layihəsinin təqdimatı olub

“Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi (AUKAA) tərəfindən “Təhsil üçün əl-ələ” layihəsinin final təqdimatı olub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.


Təqdimat mərasimində Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Karol Krofts layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “Təhsil üçün əl-ələ” layihəsi VIII qrant müsabiqəsinin qalibidir. Layihənin məqsədi regionlarda gənclərin ictimai fəallığını artırmaq, onlarda vətənpərvərlik hissini gücləndirmək, yeniyetmələri müasir elm və təcrübi biliklərə həvəsləndirməkdir.


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzazadə layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirib. O, layihə iştirakçılarını Gənclər Fondu ilə daha sıx əməkdaşlığa dəvət edib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Sonra layihənin əlaqələndiricisi Ziya Qafarlı “Təhsil üçün əl-ələ” layihəsi barədə təqdimatla çıxış edib.
Məlumat verilib ki, layihə çərçivəsində məzunlar 10 müxtəlif rayonun kənd məktəblərinə səfərlər edib, yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüş zamanı onlar məktəblilərə təhsilin önəmi, əldə etdikləri uğurlar, seçilə biləcək xüsusi ixtisaslar barədə məlumat veriblər.
Yekunda Zaqatala, Balakən, Şamaxı, Salyan, Yardımlı, Lerik, Gədəbəy, Siyəzən, Ağdam rayonlarından ümumilikdə 25 şagird Bakıda yay düşərgəsinə dəvət edilib. Yay düşərgəsi zamanı şagirdlər paytaxtda müxtəlif universitetlərdə olublar.
Sonda yay düşərgəsində iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib.

 


04:08 13.08.2016