KANAL24.AZ
Az Iw En Ru

Millət vəkilindən dəhşətli qətllərə reaksiya

Cəmiyyətimizdə SOS siqnalına, ciddi maariflənməyə və qınağa ehtiyac var.

 

Bu barədə son iki gündə baş verən üç dəhşətli cinayət hadisəsi ilə bağlı Axar.az-a danışarkən millət vəkili Qənirə Paşayeva deyib. Deputat mətbuatda oxuduğu həmin xəbərlərdən dəhşətə gəldiyini bildirib:

 

“6 yaşlı uşağın döyülərək öldürülməsi dözülməzdir. Bəlkə kimsə məni qınayacaq, amma belə birinin analıq hüququnu əlindən almaq lazımdır. Belələri ana adına, sadəcə, ləkə gətirir. Döyülərək öldürülən övladının ölüm səbəbini, cinayəti gizlədən birinin ana adını daşımağa nə qədər mənəvi haqqı ola bilər? Allah belələrinin artmasından cəmiyyətimizi qorusun”.

 

Daha bir dəhşətli cinayətdən, zorlanan gənc qızın məhz bu səbəbə görə öz anası tərəfindən öldürülməsindən çox sarsıldığını deyən millət vəkili ananın öz övladına yardım etmək əvəzinə onu öldürməsini kəskin qınayıb:

 

“Ana belə bir biabırçılığa dözə bilmədiyi üçün bu cinayətə əl atdığını səbəb gətirir. Bu dəhşətləri oxuyanda düşünürəm ki, ailə, ailə məsuliyyəti, ata-ana məsuliyyəti ilə bağlı ciddi maariflənmənin aparılmasına ehtiyac var. Ana övladına qarşı bu cinayəti törədənlərin cəzalanmasına çalışmaq əvəzinə öz övladını cəzalandırır. Allah sənə rəhmət etsin, Mirzə Cəlil. Doğurdan da cahillik bütün faciələrin səbəbkarıdır. Maariflənmə ilə bərabər, məktəblərimizdən başlayaraq hər yerdə psixoloji xidmətlər göstərilməlidir”.

 

Q.Paşeyava bildirib ki, cəmiyyətdə məişət zəminində artan zorakılıqlar hamımızı ciddi narahat etməlidir:

 

“Bu cür hallara laqeyd qalmamalıyıq. İctimai qınaq, maariflənmənin genişlənməsi çox önəmlidir. Bu cür qəddarlıqlar xüsusi araşdırılmalıdır. Çünki normal insan psixologiyası ilə belə hadisələri ümumiyyətlə qəbul etmək mümkün deyil. Hesab edirəm ki, bu cür hallarda cəzalar ağır olmalıdır ki, başqalarına da dərs olsun. Qadınlarımız bu cür əməlləri törədən insanlarla ailə quranda çox ciddi düşünməlidirlər”.

 

Qeyd edək ki, bir neçə gün öncə Xırdalanda 6 yaşlı Ramilə Abdulxalıqova döyülərək öldürülüb. Azyaşlının anası Samirə Yarıyeva qızının müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində öldüyünü bildirsə də, Ramilənin zorakılıq əlamətləri ilə, anası tərəfindən öldürüldüyü məlum olub.

 

Avqustun 3-də isə Tərtər sakini Tofiq Məmmədov ailə münaqişəsi zəminində arvadı Məhsəti Səmədovanı və qayınanası Səfurə Quliyevanı baş nahiyəsindən baltalayıb.

 

Daha dəhşətli bir cinayət hadisəsi isə avqustun 4-də baş verib. Sabunçu qəsəbə sakini Züleyxa Cəfərova 15 yaşlı qızı Elfanə Cəfərovanı boğaraq öldürüb. Qızın öldürülməsinə səbəb isə onun zorlanması olub. Məlum olub ki, Elfanə başına gələnlərdən dolayı anasından mənəvi dəstək istəyib, ana isə əvəzində qəzəblənərək qızını qətlə yetirib.


00:19 06.08.2016