KANAL24.AZ
Az Iw En Ru

“Şekspir” yenidən səhnədə

İyulun 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Səhnə əsərində Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Nigar Güləhmədova, Anar Heybətov və başqaları çıxış edəcək.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Xəstəxanaya “Drob-13”ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində səhnələşdirilib.

 


04:04 09.07.2016
Xəbər lenti
Bütün xəbərlər