KANAL24.AZ
Az Iw En Ru

“Youthvision” mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 24-də Heydər Əliyev Sarayında “Youthvision” mahnı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Kanal24.az xəbər verir ki, tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Mükafatlandırma mərasimi dünya şöhrətli italiyalı müğənni İnqridin ifası ilə açılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Müsabiqənin bundan sonra hər il təşkil olacağını diqqətə çatdıran nazir deyib: “Növbəti illərdə müsabiqədə iştirak edəcək ölkələrin sayının artırılması nəzərdə tutulur. Builki müsabiqədə 19 ölkə iştirak edir”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, tədbirin əsas ideyası ölkəmizin beynəlxalq aləmdə təbliği və Azərbaycanda yeni mahnı yarışmasının əsasını qoymaqdır.

Daha sonra “Youthvision” mahnı müsabiqəsində iştirak edən təmsilçilərin ifasında populyar mahnılar səsləndirilib.

Münsiflər heyətinin qərarına əsasən Ukrayna təmsilçisi 1-ci, Belarus təmsilçisi 2-ci, Gürcüstan təmsilçisi isə üçüncü yerə layiq görülüb. İlk üç yerin sahibi pul və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


09:01 25.06.2016
Xəbər lenti
Bütün xəbərlər