KANAL24.AZ
Az Iw En Ru

Tağıyev teatrı müasir görkəmdə- FOTO

Azərbaycan mədəniyyəti tarixində Tağıyev teatrının – indiki Azərbaycan Dövlət Musiqili Teatrının əvəzolunmaz yeri vardır. Teatrın Bakının memarlıq inciləri arasında möhkəm qərar tutmuş binası keşməkeşli, lakin şərəfli bir ömür yaşayıb. Və bu uzun ömründə onun daşı, divarı bir neçə dəfə kökündən təzələnsə də, tarixi görkəmi  və yaradıcılıq ruhu dəyişilməz qalıb.

Azərbaycanda və ümumən, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli 1873-cü ildə qoyulub. Məhz həmin ildə böyük maarifçi H.Zərdabinin və görkəmli yazıçı N.Vəzirovun təşəbbüsü ilə milli dramaturgiyamızın banisi M.F.Axundovun  «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarına səhnə həyatı verilərək, Bakıda Azərbaycan dilində teatr tamaşalarının nümayişinə başlanılıb.

Bundan 10 il sonra milyonçu Hacı Zeynalabdin Tağıyev şəhərin mərkəzində teatr binası tikdirib. Lakin binanın qüsurları çox olduğundan, onu söküb yenidən tikmək lazım gəlib. Nəhayət, 1900-cü ildə bina istifadəyə verilib. Həmin vaxt  «Kaspiy» qəzetində dərc edilmiş «H.Z.Tağıyev teatrının tikintisi» adlı məqalədə yazılırdı: «Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə onun şəxsi vəsaiti hesabına ucaldılan, tikintidən əvvəl daha çox tövləni xatırladan bina əsl, zərif, rahat teatr binasına çevrilib. Teatrın əsas, mərkəzi hissəsi və tamaşaçı salonu məkan, kompozisiya və dekorasiya baxımından köklü dəyişikliklərə uğrayıb. Tamaşaçı salonunda yerlərin sayı, demək olar, iki dəfə artırılıb və 1200 yerə çatdırılıb...»

Teatr binası H.Z.Tağıyevin şəxsi mülkiyyəti olduğundan burada tamaşa oynamaq istəyənlər onu icarəyə götürürdülər. Səhnənin bir küncündə pərdəni döşəməyə bağlayan iri qıfıl yalnız icarə haqqı ödənildikdən sonra açılıb çıxarılırdı. Həmin qıfıl hətta son illərə kimi teatrda qalırdı və səhnə işçiləri premyera oynanılan gün quruluşçu rejissordan «şirinlik» almadan qıfılı açmırdılar.  

Sonralar teatrın binası  iki dəfə - 1909-cu və 1919-cu illərdə yandı. İkinci yanğından sonra binanın təkcə daş döşəməsi və dəmir-beton karkasları, bir də ön fasadı salamat qalmışdı.  Bakının inşaat  mühəndisləri belə hesab edirdilər ki, teatr binasını üç-dörd aya bərpa etmək mümkündür. Lakin büsbütün yeni  teatr yaratmaq lazım idi. Bina yalnız 1921-22-ci illərdə bərpa edildi. Bu layihəni şəhərin  bir çox böyük yaşayış, ictimai və dini ocaqlarının memarı Zivərbəy Əhmədbəyov hazırladı.

…Təmir və bərpa məqsədilə bağlı qaldığı illəri saymasaq, təxminən 120 ildir ki, bu bina Azərbaycan mədəniyyətinə xidmət edir. Onun səhnəsi milli teatr sənətimizin korifeylərinin çıxışlarına, divarları isə tükənməz tamaşaçı alqışlarına şahiddir. Uzun illər bu binada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəaliyyət göstərib. Bu teatr üçün ayrıca bina inşa edilib istifadəyə verildikdən sonra isə Azərbaycan Dövlət Musiqili Teatrı (əvvəlki adı: Azərbaycan Dövlət Musiqili Komediya Teatrı) bu məkanda daimi məskunlaşıb.

…Artıq ötən əsrin səksəninci illərinin sonlarında məlum oldu ki, uçmaq təhlükəsi ilə üzləşmiş Tağıyev teatrının əsaslı təmirə ehtiyacı var. Doxsanıncı illərin əvvəllərində Azərbaycan hökuməti bu məsələni həll etmək üçün konkret tədbirlər gördü və teatrın taleyi Bakının inkişafında misilsiz xidmətlər göstərmiş, lakin artıq ömrünün ahıl çağlarını yaşayan dövlət xadimi Əliş Ləmbəranskiyə həvalə edildi. Nəticədə bina cəmi 4 ilə yenidən, həm də əvvəlki memarlıq görünüş və üslubu saxlanılmaqla tikilib istifadəyə verildi Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev 1995-ci ildə burada işlərin gedişi ilə tanış olmuş, öz tövsiyələrini vermiş, 1998-ci ilin oktyabrında isə onun rəsmi açılışında iştirak etmişdir.
İllər keçdi, yeni əsr başlandı, daha müasir inşaat texnologiyaları ölkəmizə ayaq acdı. Günbəgün, ilbəil yeniləşən, gözəlləşən Bakının mərkəzində yerləşən Tağıyev teatrının da iqtisadi gücü artan dövlətimizin ayırdığı maliyyə vəsaiti hesabına yenidən qurulması qərara alındı. Prezident İlham Əliyevin 25 noyabr 2010-cu il tarixli Sərəncamı əsasında, burada geniş yenidənqurma işləri həyata keçirildi və təbii ki, bu zaman əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirildi.
…Musiqili Teatrın binasında əsaslı bərpa və yenidənqurma işləri ökəmizin tikinti sektorunda bir sıra irihəcmli layihələrin icrasında iştirak etmiş, çoxsaylı sosial-mədəni obyektlərin inşasını uğurla həyata keçirmiş “Azimport” MMC tərəfindən aparılıb. Binanın 18 aprel 2013-cü ildə keçirilən rəsmi açılış mərasimində Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı teatrın yenidən qurulması işlərində iştirak etmiş xarici mütəxəssislərlə görüşüb, yeni tamaşa zalı ilə tanış olub, öz tövsiyə və tapşırıqlarını verib.

“Azimport” MMC-nin direktoru Raqif Həbibov deyir: “Ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib. Bu diqqət və qayğı Musiqili Teatrda apardığımız əsaslı bərpa və yenidənqurma işlərində məsuliyyətimizi birəbeş artırırdı. Dövlət sifarişini yüksək səviyyədə yerinə yetirmək üçün layihənin icrasına İtaliyadan mütəxəssislər qrupu cəlb etdik. Dünyada məşhur olan “FontanaGrande” memarlıq studiyasının direktoru Korrado Dalla Fontana (layihə rəhbəri), istedadlı memar-dizayner Silviya Sandini və mühəndis Stefano Temporinidən ibarət qrup binanın tarixi memarlıq üslubunun müasir inşaat texnologiyaları əsasında bərpasında inşaatçılarımıza böyük kömək göstərdilər”.

…“Azimport” özünün bütün layihələrində olduğu kimi, Musiqili Teatrın binasının yenidən qurulmasında da ən yüksək keyfiyyət standartlarını tətbiq edib.  Binanın fasadına təntənəli və dəbdəbəli görkəm verən bütün memarlıq elementləri, əl işi olan detallar gülbaxt daşlardan düzəldilib. İstilik və havalandırma sistemi üçün texniki avadanlıq binaya mansard tipində əlavə edilmiş altıncı mərtəbədə quraşdırılıb.  460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub.

Binada istifadə edilmiş bütün inşaat və texniki avadanlıq, çılçıraq və bralar, pərdələr İtaliya və Almaniyadan gətirilib. Tamaşa salonundakı, foye və pilləkənlərdəki bütün naxışlar İtaliyanın «Sadi» şirkətində xüsusi sifarişlə hazırlanıb. Teatrdakı bəzək işlərini  İtaliyanın «Roberta Doripuddu Studio» şirkəti yerinə yetirib. Vestibülə daxil olan diqqətli tamaşaçı mütləq «Decor Marmi» şirkəti mütəxəssislərinin naxışlı mərmərdən yığdıqları döşəməyə diqqət yetirir. Layihəyə görə, foyedə, kiçik zalda, konfrans zalında və VİP zonada «Berti» (İtaliya) şirkətinin müxtəlif ağac növlərindən olan parketləri vurulub.  

Söhbət teatrdan, xüsusilə də musiqili teatrdan gedirsə, bu məkanda akustika birinci yerdə olmalıdır. Səhnənin və teatrın tamaşaçı zonalarının divar və tavanlarında  səsi təcrid və əks etdirən panellərdən istifadə olunub. Üstəlik, tamaşa salonunun döşəməsi elə qurulub ki, salonda yeriyən adamın ayaq səsləri eşidilmir.
Əvvəllər yalnız yarıyadək fırlanan səhnə mexanizmi təzələnib. 360 dərəcə fırlanma qalibiyyətinə malik səhnə artıq rejissor təxəyyülü üçün geniş texniki imkanlar açır. Səhnənin arxasındaca 17 metr uzunluğunda səyyar qarderob otağı yaradılıb ki, tamaşada məşğul olan aktyorlar və rəqqaslar əyinlərni dəyişməyə vaxt itirməsinlər.
Orkestr çuxurunun döşəməsinin altında qalxıb-enən mexanizm quraşdırıldığından tamaşa və ya konsertin məqsədinə uyğun olaraq orkestr səhnə ilə bərabər səviyyədə çıxış edə bilər, ya da səhnə orekstr çuxurunun üstü tam bağlanması hesabına böyüyə bilir. Tamaşa salonundakı çılçırağı tamaşa zamanı tamamilə tavana qaldırmaq mümkündür.

Bir sözlə, “Azmport”un təcrübəli və əzmkar inşaatçıları çalışıblar ki, tarixi yaşadan bu sənət ocağının binası Bakının memarlıq ansamblında öz layiqli yerini tutsun.

…Bu gün Tağıyev teatrını - Azərbaycan Dövlət Musiqili Teatrını uzaqdan görəndə də,  binaya daxil olanda da dərhal başa düşürsən ki, ayaqların qədim memarlıq abidəsinə toxunur. Amma gözlərin də səni aldatmır: bu binada hər şey XIX əsrin memarlıq və interyer meyllərini xatırlatsa da, XX əsrin texnologiyası məkana hakimdir! 


23:11 05.05.2016
Xəbər lenti
Bütün xəbərlər