KANAL24.AZ
Az Iw En Ru

Britaniya Film Baharı Festivalı keçiriləcək

Aprelin 25-də Nizami Kino Mərkəzində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə II Britaniya Film Baharı Festivalının açılışı keçiriləcək.

Britaniya Film Baharı Festivalı aprelin 25-dən 30-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edəcək.

Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutmuşdu.

Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılacaq.

Festivalın növbəti günlərində, həmçinin, aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.

Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bilet və hədiyyələr təqdim olunacaq.

Bu barədə ətraflı məlumat British Council Azərbaycan və Nizami Kino Mərkəzinin Facebook səhifələrində yerləşdiriləcək.

Azərbaycanda II Britaniya Film Baharı Festivalının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib:

“Məqsədimiz Britaniya kinematoqrafçılarının filmlərini azərbaycanlı tamaşaçılarla təqdim etmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır. Bu ilin Britaniya Film Baharı Festivalında həqiqətən maraqlı olan yeni filmlər təqdim edilir. Ümid edirəm ki, Bakı tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcək”.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində (rus dilində alt yazılarla) nümayiş ediləcək.

Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.

Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:

"Bruklin" 25 aprel saat 19:00-da

"Furqondakı ledi" 26 aprel saat 14:30-da

"Mister Homs" 26 aprel saat 18:30-da

"Lobster" 27 aprel saat 14:30-da

"45 il" 27 aprel saat 18:30-da

"Mister Homs" 28 aprel saat 14:30-da

"Mənə qulaq as, Marlon" 28 aprel saat 18:30-da

"Bruklin" 29 aprel saat 18:30-da

"45 il" 30 aprel saat 14:30-da

Media nümayəndələri aprelin 25-də saat 12:00-da Nizami Kino Mərkəzinin mətbuat zalında keçiriləcək Britaniya Film Baharı Festivalının Mətbuat Konfransına dəvət olunur.


17:09 22.04.2016
Xəbər lenti
Bütün xəbərlər