KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Konqreslər Bürosu “IMEX Frankfurt” sərgisində iştirak edir

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) “IMEX Frankfurt 2016″ sərgisində ölkəmizi uğurla təmsil edir.

Nazirlikdən bildirilib ki, AKB ilə yanaşı, sərgiyə büronun tərəfdaşları olan “Absheron Hotel Group”, “Four Seasons Hotel Baku”, “Hilton Hotel Baku”, “JW Marriott Absheron Hotel Baku”, “Kempinski Badamdar Hotel Baku”, “Geo Travel” və “PASHA Travel” kimi aparıcı turizm şirkətləri də qatılıb.

“IMEX Frankfurt” beynəlxalq sərgisində Azərbaycan Konqreslər Bürosu bir neçə təqdimat keçirib. Təqdimat zamanı Avropa və Asiyadan olan alıcılara ölkəmizin görüş məkanları nümayiş etdirilib.

Sərgidəki Azərbaycan stendi ən çox Avropa, Yaxın Şərq və Rusiyadan olan iştirakçılar tərəfindən ziyarət olunub.

Sərgi iştirakçılarının Azərbaycana olan marağını artırmaq üçün bir neçə tədbir təşkil edilib ki, bunların arasında "Happy Hour" tədbirini qeyd etmək olar. Burada alıcılara Azərbaycanın milli mətbəxinin təamlarını dadmaq və yerli tərəfdaşlarla ünsiyyət qurmaq imkanı yaradılıb.

“IMEX 2016″-da 15 mindən çox beynəlxalq peşəkarlar iştirak edir. Üçgünlük sərgi çərçivəsində ümumilikdə 65 mindən çox görüşün təşkil olunması planlaşdırılıb.

Xarici sərmayələrin cəlb olunması və dünya turizm bazarında əvəzolunmaz görüşlər məkanı statusunun qazanılması baxımından AKB-nin bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.


14:29 21.04.2016
Xəbər lenti
Bütün xəbərlər