KANAL24.AZ
Az Iw En Ru

Biologiya müəllimlərinin I forumu keçirilib

Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasında biologiya fənni üzrə keyfiyyətli müəllim kadrlarının hazırlanması, ümumtəhsil məktəblərində biologiyanın tədrisi və müəllimlərin səriştəliliyinin artırılması prioritet sahə kimi nəzərdə tutulmuşdur. Ona görə də Respublikamızda dövlət siyasətinin əsas istiqamətlərindən biri təhsilin, o cümlədən biologiya elminin inkişafı, bu elm üzrə yüksək ixtisaslı kadr hazırlığı, biologiya fənninin tədrisində tərbiyəvi məsələlərin önəminin artırılması, bu fənnin məktəblərdə populyarlaşdırılması, digər elm sahələrində olduğu kimi, biologiyanın tədrisində İKT resurslarından istifadə imkanlarının genişləndirilməsi, biologiya olimpiad və layihə yarışmalarının sayının çoxalması və digər həvəsləndirici tədbirlərin həyata keçirilməsidir.

Cəmiyyətin intellektual inkişafının ən mühim problemlərindən biri də biologiya elmi ilə əlaqədardır. Həmçinin, biologiya elmi həyatımızın başqa yönləri və digər elm sahələri ilə sıx bağlı olduğu üçün, biologiya müəlliminin əsas vəzifəsi özünü hərtərəfli inkişaf etdirməkdən və cəmiyyətin hər sahəsində faydalı fərdlərin yetişdirilməsinə diqqət göstərməkdən ibarətdir. Bu səbəbdən, Azərbaycan cəmiyyətində yüksək əxlaqi keyfiyyətlərə malik biologiya müəllimlərinin yetişdirilməsi zəruri məsələlər sırasında durur.

Trend-in məlumatına görə, aprelin 19-da Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Təhsil Problemləri İnstitutu tərəfindən "Biologiya müəllimlərinin I forumu" bu il Qafqaz Universitetində təşkil olunub.

Respublikamızın rayonlarında çalışan müəllimlərində iştirak etdiyi Forumda 200 nəfərdən çox biologiya müəllimi iştirak edib. Alimlər Ümumtəhsil məktəblərində biologiyanın tədrisi, Biologiyanın tədrisində ənənəvi təhsildən müasir təhsilə keçid, Biologiyanın tədrisində İKT resurslarından istifadə imkanları, Cambrige İGSE sistemində biologiyanın tədrisi və s. mövzularda məruzələr ediblər.

İştirakçılar bildiriblər ki, bu forum ümumtəhsil məktəblərində biologiya fənninin tədrisi, biologiya müəllimi hazırlığı baxımından ölkəmizdəki mövcud təcrübənin qiymətləndirilməsi, müəllimin səriştəliliyinin inkişafı və onların İKT resurslarından istifadə imkanları ilə yanaşı beynəlxalq təhsil sistemlərindəki qabaqcıl praktikaların mənimsənilməsinə imkan verəcəkdir.


18:10 20.04.2016