KANAL24.AZ
Az Iw En Ru

Milli Dram Teatrının kollektivi Türkiyədə beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq teatr festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv Xalq Yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya ilə çıxış edəcək. Kollektiv tamaşanı aprelin 19-u və 20-də nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın Xalq Artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla İsmayılova çıxış edir.

Qeyd edək ki, “Yaşasın teatr, yaşasın sülh” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.


23:45 18.04.2016
Xəbər lenti
Bütün xəbərlər