KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan idmançılarının qazandıqları lisenziyaların sayı 39-a çatıb

Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa təsnifat turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına dörd lisenziya qazanıb.

Sonuncu vəsiqəyə yarımfinalda türkiyəli Ali Eren Demirezenə heç bir şans verməyən Məhəmmədrəsul Məcidov yiyələnib. 91 kq-dan yuxarı çəki dərəcəsində yer alan Məcidov “Bakı 2015” I Avropa Oyunlarının dörddəbir finalında da üstün olduğu Demirezeni 3:0 hesabı ilə məğlub edib. O, ilk “üçlüy”ü təmin etdiyi üçün “Rio-2016”da iştirak hüququnu əldə edib. Məcidovun finalındakı rəqibi böyük britaniyalı Jozef Joys olacaq. Daha üç lisenziyanı Yana Alekseyevna (51 kq), Cavid Çələbiyev (56 kq) və Lorentso Sotomayor (64 kq) qazanıb. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 39-a çatıb.

Artıq fəxri kürsününü ən yüksək pilləsinə gedən yolda Azərbaycan millisinin 4 boksçusu da rəqibini tanıyıb. Belə ki, yarımfinalda irlandiyalı Keti Teyloru yolundan kənarlaşdıran və finala çıxmaqla həm də olimpiya lisenziyasını təmin edən Yana Alekseyevna (60 kq) finalda italiyalı İrma Testa ilə kimin ən güclü olmasına aydınlıq gətirəcək. Dünya çempionumuz Cavid Çələbiyev (56 kq) isə ilk pilləni tutmaq uğrunda Böyük Britaniyanı təmsil edən Qais Aşfaqla mübarizə aparacaq. Yığmamızın milliləşdirilmiş legioneri Lorenzo Sotomayorun (64 kq) rəqibi 2012 yay Olimpiya Oyunlarının bürünc mükafatçısı litvalı Evaldas Petrauskas olacaq. Avropa və ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə Bakıda keçirilən Avropa Oyunlarının qalibi Cozef Coysla görüşəcək.

“Bakı-2015”in qalibi Abdulqadir Abdullayevin (91 kq) üçüncülük uğrundakı döyüşü bürünc medaldan daha çox, həm də lisenziya üçün döyüş olacaq. Təmsilçimiz Avropa Oyunlarının gümüş mükafatçısı erməni əsilli ukraynalı boksçu Gevorq Manukyanla qarşılaşacaq. Xatırladaq ki, Bakıda keçirilən Avropa Oyunlarında finalda qarşılaşmalı olan rəqiblər Manukyanın zədəsi ucbatından görüşə bilməmişdilər. Abdulqadir döyüşə çıxmadan çempion, ukraynalı isə gümüş mükafatçı olmuşdu.

Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) “Rio-2016”ya lisenziya qazanıb.


21:17 16.04.2016
Xəbər lenti
Bütün xəbərlər