KANAL24.AZ
Az Iw En Ru

Moskvada “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş gecə keçirilib

May ayında Stokholmda keçiriləçək “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəçək Səmra Rəhimli tanıtım turnesi ərəfəsində Rusiya təmsilçisinin təşkil etdiyi “Eurovision” gecəsində iştirak edib.

Rusiya təmsilçisi Sergey Lazerevin təşkil etdiyi gecədə Azərbaycanla yanaşı, bir sıra ölkəklərin nümayəndələri də iştirak edib. 2016-cı ilin mart ayında Azərbaycan televiziyasında yayımlanan “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısı olan, bu il isə ölkəmizi “Eurovision” müsabiqəsində təmsil edəcək Səmra Rəhimli öz çıxışından və ifa edəcəyi “Miracle” mahnısından danışıb.

Bildirib ki, bir neçə mahnı təklif olunsa da, məhz “Miracle” məzmun baxımından daha maraqlı sayılıb. “Builki müsabiqədə hamıya uğurlar arzu edirəm. Kimin mahnısı daha çox qəlblərə toxunacaqsa, qoy o da qalib gəlsin!”, – deyə Səmra Rəhimli vurğulayıb.

Rusiya paytaxtı Səmranın Avropa promo-turu çərçivəsində səfər etdiyi ilk şəhərdir. Bundan sonra Yunanıstan və İsraildə tanıtım gecələri təşkil olunacaq. Bu barədə məlumat verən “Eurovision-2016” mahnı müsabiqəsinin Azərbaycandan olan nümayəndə heyyətinin rəhbəri Tamilla Şirinova təmsilçimizin mahnısının artıq sevildiyini bildirib.

2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsində Makedoniyanı təmsil etmiş və 4 ildən sonra yenidən müsabiqəyə qatılan Kaliopi qeyd edib ki, məhz Bakıda keçirilən müsabiqədə iştirakdan aldığı stimul və enerji bu il yenidən müsabiqəyə qatılmasına səbəb olub.

Qeyd edək ki, İsveçdə keçiriləcək 61-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səmra Rəhimli özünün “Miracle” mahnısı ilə birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.


00:17 05.04.2016