KANAL24.AZ
Az Iw En Ru

Vaqif Sultanlının “Qütb gecəsi” kitabı Ukraynada nəşr olunub

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının Ukraynada “Qütb gecəsi” adlı kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Kiyevdəki “Zadruqa” nəşriyyatının nəfis şəkildə çap etdiyi kitaba müəllifin müxtəlif dövrlərdə qələmə aldığı hekayələri daxil edilib. Hekayələri Azərbaycan türkcəsindən Ukrayna dilinə Zaporojye Milli Universitetinin müəllimi, fəlsəfə doktoru Nina Belokopıtova çevirib.

Qeyd edək ki, kitaba daxil edilən yazıların bir qismi əvvəllər Ukraynanın müxtəlif mətbuat orqanlarında dərc edilmiş, digər qismi isə ilk dəfədir oxuculara təqdim olunur.

Nina Belokopıtova “Qütb gecəsi” kitabına yazdığı “Ön söz”də Vaqif Sultanlının bioqrafiyası və yaradıcılıq yolu haqqında geniş məlumat verib. Yazıçının hekayələrini mövzu, problem və sənətkarlıq baxımından dəyərləndirən tərcüməçi qənaətlərini belə ümumiləşdirib: “Vaqif Sultanlının hekayələri sözün geniş mənasında milli-etnik zehniyyətin fərqli aspektlərini aşkarlayır, qəhrəmanların xarakterinə məxsus hissi-idraki mahiyyəti çözür, azadlığa olan sonsuz sevginin incə, zərif çalarlarını canlandırır. O, bir müəllif kimi mövcud etnomental dəyərlərə öz fərdi baxış bucağından baxa bilir. Yazıçının hekayələri ilə tanış olan Ukrayna oxucusu Azərbaycan türkü ilə onu birləşdirən və ayıran məqamları dərhal sezəcəkdir”.

Kitaba daxil edilmiş “Ağ yol”, “Xiffət”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Dərviş”, “Mağara”, “Nəvai-Qumru”, “Qütb gecəsi”, “Vətən”, “Ada”, “İlğım” və digər hekayələr özünəməxsus dil və üslub xüsusiyyətləri ilə fərqlənir. Hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənməsi, cəmiyyətə hakim olan insanın özgələşmə, yaddaşsızlaşma, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.


02:25 01.04.2016