KANAL24.AZ
Az Iw En Ru

“Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimatı olub

Martın 18-də YARAT Müasir İncəsənət Mərkəzində “Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib.

Kanal24.az xəbər verir ki, tədbirdə “Təhsil” televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bildirilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddətdə müəllim, tələbə, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil almış məzunlar barədə 30-dan çox film çəkilib.

Mərasimdə həmin filmlərdən yeddisi nümayiş etdirilib.

Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyətin üzvləri təəssüratlarını bölüşüblər.

Tədbirdə Xalq Yazıçısı Çingiz Abdullayev “Təhsil” televiziyasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsində və cəmiyyətin inkişafında rolundan danışıb.

Təhsil naziri Mikayıl Cabbarov Novruz bayramı münasibətilə mərasim iştirakçılarını təbrik edib, uğurlar arzulayıb. Nazir bildirib ki, “Təhsil” televiziyası layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın fəaliyyət planında da əksini tapıb. “Təhsil” televiziyasının maarifçilik missiyası daşıdığını deyən nazir televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb.

Milli Məclisin deputatları, təhsil ekspertləri, dövlət və tanınmış ziyalılar “Təhsil” TV layihəsi ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, “Təhsil” televiziyasında “Təhsil saatı”, “Təhsil gündəliyi”, “Təməl”, “Dərsdənkənar” verilişləri yayımlanır ki, bütün bunlar da məktəblərdə dərslərin səmərəli təşkilinə kömək edir. Natiqlər televiziyanın fəaliyyətini yüksək dəyərləndirib, yaradıcı kollektivə uğurlar arzulayıblar.


04:11 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər