“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda ən güclü gəmi təmiri bazası olan “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodları xarici ölkələrdən də sifarişlər qəbul edir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə “Zığ” gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib. Onlardan “Wagenborg 107” barjı sifarişdə nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra artıq istismarçıya qaytarılıb.
Hazırda “Şirin” yedək gəmisi, habelə “Soltan” və “Bossan” təchizat-yedək gəmiləri zavodun doklarına qaldırılıb. Onların gövdələrinin təmizlənərək rənglənməsi, baş mühərriklərin, vint-sükan kompleksinin və digər mexanizmlərin təmiri nəzərdə tutulub.
Bu gəmilərin aprelin əvvəllərində sifarışçilərə təhvil verilməsi planlaşdırılır.