KANAL24.AZ
Az Iw En Ru

Qəzənfər Paşayevin qələminin işığında

Kərkük sevdalı, professor Qəzənfər Paşayevin kitabları çoxdur. Bu çoxların sırasına ikisi də əlavə olundu - “Ədəbi məktublar” və “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti”.

AZƏRTAC xəbər verir ki, martın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən hər iki kitabın təqdimat mərasimində tanınmış ədəbiyyatşünas alimlər, görkəmli elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, alimin həyat yolundan, zəngin yaradıcılıq axtarışlarından, Azərbaycan ədəbiyyatşünaslığına verdiyi dəyərli töhfələrdən, bir-birindən maraqlı kitablarından söz açıb.

Təqdimat mərasimində akademik Teymur Bünyadov, Xalq Şairi Nəriman Həsənzadə, Ankaradakı Türkməneli mədəniyyət mərkəzinin sədri doktor Mustafa Ziya, Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları yeni kitablarla bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, Q.Paşayevin “Ədəbi məktublar” kitabında yer alan məktublar 35 illik dövrü əhatə edir. Müxtəlif vaxtlarda ayrı-ayrı adamlara yazılmış və dövri mətbuatda çap edilmiş bu məktublarda həyat, sənət məsələlərinə, ədəbi, kulturoloji problemlərə müxtəlif rakurslardan münasibət bildirilir, dəyərli mülahizələr, fikirlər söylənilir.

Diqqətə çatdırılıb ki, kitabda 50-ə yaxın ədəbi məktub çap olunub. Bu yazıların hər birində Qəzənfər Paşayevin haqqında söz açdığı Azərbaycan alim, şair və yazıçılarının yaradıcılığına səmimi münasibəti, fərqli yanaşması özünü göstərir. Kitabda akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi Nizami Cəfərov, Xalq Yazıçısı Elçin, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və digər tanınmış söz adamlarına, alim və ədiblərə ünvanlanmış maraqlı məktublar yer alıb.

Diqqətə çatdırılıb ki, alimin “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” monoqrafiyası türk dünyasının görkəmli simalarından biri Əta Tərzibaşının həyat və folklorşünaslıq fəaliyyətinə həsr edilib. Kitabda Ə.Tərzibaşının xoyrat və manilər, xalq havaları, xoyrat üsulları, xalq türküləri, aşıq havaları, dastanlar və s. sahəsindəki tədqiqatları gündəmə gətirilib.

Vurğulanıb ki, hər iki yeni kitab AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının müvafiq qərarları ilə çap olunub.

Bütün iştirakçılara minnətdarlığını bildirən Qəzənfər Paşayev bildirib ki, bu kitablar üzün illərin məhsuludur. Bu ilin aprelində İraqa səfər edəcəyini söyləyən alim deyib ki, İraq-türkmən alimi Əta Tərzibaşına ithaf etdiyi “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” kitabını onun özünə təqdim etmək niyyətindədir.

Sonda tədbir iştirakçıları Qəzənfər Paşayevin kitablarından ibarət sərgi ilə tanış olublar.


02:59 19.03.2016