KANAL24.AZ
Az Iw En Ru

“Çinşünaslığın Azərbaycan məktəbi” kitabının təqdimatı olub

   Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin dili və mədəniyyəti mərkəzinin elmi-maarifləndirici fəaliyyətinə həsr edilən “Çinşünaslığın Azərbaycan məktəbi” kitabının təqdimatı olub.

   ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzin müdiri, professor Rafiq Abbasov çin dilinin öyrənilməsində, Çinin müasir siyasəti, iqtisadiyyatı, tarix və mədəniyyətinin təbliğində mərkəz tərəfindən görülən işlər barədə məlumat verib. O, mərkəz tərəfindən mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin çoxtərəfli inkişafındakı fəaliyyətinə həsr olunan elmi seminarların keçirildiyini qeyd edib.

   ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova mərkəzin maarifləndirici fəaliyyətindən danışıb, onun təhsil sahəsinə töhfə verdiyini bildirib.

   Universitetin çin dili müəllimi Ayguli Imamuaçi Çin dili və mədəniyyəti mərkəzinin yaradılması, mərkəz tərəfindən keçirilən ənənəvi Çin bayramları, bu ölkənin ədəbiyyat və incəsənətinə həsr olunan tədbirlər barədə məlumat verib.

   Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Çen və müşavirin köməkçisi Li iştirak ediblər.


00:10 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər