KANAL24.AZ
Az Iw En Ru

Mingəçevir – parklar və maraqlı kəşflər şəhəri

Kür çayının mənzərəli sahilində yerləşən səliqə-sahmanlı, çiçəklənən Mingəçevir şəhəri təkcə Azərbaycanın energetika mərkəzi deyil. Ölkədə istehsal olunan bütün elektrik enerjisinin 65 faizi məhz bu şəhərin payına düşsə də, turizmin inkişafı baxımından da Mingəçevir xüsusi maraq kəsb edir. O, Azərbaycanın ən gənc şəhərlərindən biridir, təməli 1945-ci ildə qoyulub. Mingəçevir həm də idman kadrları yetişdirən mərkəz kimi məşhurdur. Geniş tanınan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi də bu şəhərdə yerləşir. Məşq etmək üçün mərkəzə dünyanın hər yerindən idmançılar gəlir.

Mingəçevirə səyahət etməyə dəyər, ən azı gəzinti katerində Kürdə yel kimi əsib-keçmək, su anbarının lacivərd çimərliklərində suya dalmaq və rahat kiçik kafelərin kölgəliyində Kür çayından tutulmuş balığın dadına baxmaqdan ötrü.

“Buradan o yana yol yoxdur”, yaxud bərəçi haqqında əfsanə

Müasir Mingəçevirin təməli eyniadlı su elektrik stansiyasının tikintisi ilə bir vaxtda qoyulub, lakin insanlar Kür çayının bərəkətli sahillərində neçə-neçə əsr əvvəl məskən salıblar.

1946-1953-cü illərdə aparılmış böyük tədqiqatlar zamanı Bozdağ silsiləsinin cənubunda, Kür çayı sahilində iki yaşayış məskəni və 4 kiçik qəbiristanlıq aşkarlanıb. Onlar Cənubi Qafqazda ən böyük arxeoloji komplekslərdir. Qazıntılar zamanı eramızdan əvvəl III-II əsrlərə aid 20 mindən çox maddi mədəniyyət irsi nümunəsi tapılıb. Aşkarlanmış əşyaların əksəri Bakıya göndərilib, əlli ən maraqlı artefakt isə Mingəçevirdə saxlanılıb və onlar şəhər muzeyinin ekspozisiyasının əsasını təşkil edir.

Arxeoloji qazıntılar zamanı tapılmış şüşə məmulatlar, qızıl və gümüş qab-qaşıq, bəzək əşyaları, bir sıra qədim Şərq şəhərlərinin sikkələri Mingəçevirin ticari, mədəni əlaqələrinin yüksək inkişaf səviyyəsinə dəlalət edir. Orta əsr salnamələrində şəhər sənətkarlıq emalatxanaları, ticarət dükanları və hamamların cəmləşdiyi məkan kimi xatırlanır. Məsələn, XVII əsr türk səyyahı Övliya Çələbi öz “Səyahətnamə”sində Kür çayının sağ sahilində, Bozdağın yaxınlığında yerləşən Mingəçevir yaşayış məskəni haqqında məlumat verir. O, burada bir neçə məscidin, sənətkarlıq və toxuculuq karxanalarının, ipəkçilik sexlərinin olduğunu qeyd edir. Övliya Çələbinin yazdığına görə, ən dar və daşqın baxımından təhlükəsiz hissədə Kürün sahillərini körpü birləşdirir, onun üzərindən keçən rahat yol “Elçilər yolu” adlanır. Körpüyə verilmiş bu ad yolun əhəmiyyətindən irəli gəlirdi, çünki o həm Azərbaycanın şərq və qərb hissələrini birləşdirir, həm də qonşu ölkələrlə ticari əlaqələrə gözəl imkanlar yaradırdı.

“Mingəçevir” toponiminin yaranmasının bir neçə fərziyyəsi mövcuddur. Bu yerlər gözəl olsa da, burada yaşamaq çox təhlükəli idi: dəli Kür tez-tez daşır, bu da fəlakətlə nəticələnirdi. Daşqın dövründə çayın suları “min çevir”, yəni “min dəfə çevril” yaradırdı. Ola bilsin ki, həmin söz birləşməsi sonradan dəyişərək “mingəçevir”lə əvəzlənib. Başqa bir fərziyyəyə görə, şəhərin adı “geri dön, burdan o yana yol yoxdur” mənası verir.

“Mingəçevir” adını türk əsilli sərkərdə Mingiçövrlə də əlaqələndirirlər. Ərəb tarixçisi Təbəriyə istinadla, IX əsrdə, Ərəb Xilafəti dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş sərkərdə Mingiçövrün iqamətgahı indiki Mingəçevirin ərazisində imiş. O, müstəqilliyini elan edib, lakin məğlubiyyətə uğrayaraq əsir düşüb və qalada zindana atılıb. Sonralar sərkərdənin şərəfinə yaşayış məntəqəsini “Mingəçevir” adlandırıblar.

Bununla belə, toponimin yaranışı ilə bağlı ən geniş yayılmış fərziyyə bir bərəçi haqqında gözəl əfsanədir. Rəvayətə görə, bir zamanlar Kürün sahillərini kəndirli keçid birləşdirib. Çayın bir sahilindən digərinə keçmək istəyənlərin axını səngimir, bərəçinin sərnişinləri bir taydan o birinə, əks tərəfə keçirməsindən də bu ad yaranır: “min gəl çevir”, yəni “otur, get, geri dön”. Yeri gəlmişkən, kanatlı keçidlərə elə indi də rast gəlinir. Sizi rəmzi qiymətə – 20 qəpiyə bir sahildən digərinə çatdıracaqlar.

Böyük ticarət yolu üstündə yerləşən, Kürlə başlıca keçid olan Mingəçevir şəhəri XVIII-XIX əsrlərdə dəfələrlə dağıntıya məruz qalıb və yenidən inşa olunub. XX əsrdə də o, əhəmiyyətini itirməyib. Məşhur su elektrik stansiyası tikilərkən burada, Kür sahillərində qədim yaşayış məskəni Mingəçevir hələ də mövcud idi. Müasir şəhərin təməli də onunla yanaşı qoyulub, bu yerlərə layiq olduğu şöhrətini qaytarıb.

Kürün rekordları və mənzərəli buxta

Kür çayı Mingəçeviri iki hissəyə bölür: sağ sahildə su elektrik stansiya (SES) və energetiklər qəsəbəsi yerləşir, şəhər infrastrukturunun böyük hissəsi isə sol sahildə cəmləşib. Çayın hər iki sahilində xeyli turizm obyekti var. Bu da təəccüblü deyil, axı bütün şəhər həyatı bu əzəmətli çayın ətrafında toplanıb. Kür həm “çörək ağacı”, həm də istirahət yeridir. Hələ Mingəçevirin başlıca müəssisəsi və rəmzi – Azərbaycanın ən böyük SES-inin əhəmiyyətini demirik.

Keçmiş zamanlarda dəli Kür Bozdağın şərq silsiləsinin dərələrindən gur axınla Kür-Araz ovalığına çıxırdı. Tikintisi barədə 1945-ci ilin iyulunda qərar verilmiş su elektrik stansiyası ipə-sapa yatmayan çayı ram edib. Mingəçevir SES 9 il ərzində tikilib və 1954-cü ildə istifadəyə verilib. Bir il sonra gücünə görə nisbətən zəif Vərvərə SES-in istismarına başlanılıb. O, çayın aşağı axınının 14 kilometrliyində yerləşir. Hər iki elektrik stansiyası birlikdə Mingəçevir kaskadını təşkil edir.

Yeri gəlmişkən, Kür çayının SES-dən Vərvərə su anbarının yuxarı hissəsinədək olan kəsimi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Bakı ilə birgə Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən tarixdə Birinci Avropa Oyunlarının proqramları çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı seçilib. Amma bu hələ hamısı deyil. Rekordlar siyahısını Mingəçevir su bəndi davam etdirir. Dünyada ən böyüklərdən biri olan bu bəndin hündürlüyü 81 metr, uzunluğu 1.550 metr, həcmi isə 15,6 milyon kub metrdir. Bənd vasitəsi ilə Azərbaycanda ən böyük süni göl (su anbarı) yaradılıb, onun sahəsi 605 kvadrat kilometrdir.

Mingəçevir SES–in bəndi Kürün təbii məcrasına sipər çəkib, onu ətrafdakı neçə-neçə kilometrlik quru sahəyə axmağa və ərazini batırmağa məcbur edib. Hətta bir neçə kənd su altında qalıb, onların əhalisi qabaqcadan başqa yerə köçürülüb. Mingəçevir su anbarı belə yaranıb. Şəhərdən 3 kilometr şimal-şərqdə yerləşən bu anbarı yerli əhali haqlı olaraq “dəniz” adlandırır. Axı onun uzunluğu 70 kilometrdən çox, ən geniş hissəsi 18 kilometr, suyun həcmi 16070 kub kilometr, orta dərinliyi 27 metr, maksimal dərinliyi isə 83 metrdir.

Energetika və kənd təsərrüfatının inkişafı məqsədilə istifadədən başqa, Mingəçevir dənizi yerli sakinlərin və turistlərin sevimli istirahət məkanıdır. Sovet dövründə burada ittifaq əhəmiyyətli pansionat–sanatoriya yerləşirdi, mövsüm vaxtı ora bütün ölkədən minlərlə adam gəlirdi.

Bu gün də su anbarının çoxsaylı çimərliklərində həmişə qələbəlikdir. İstirahət edənlərin nəzərlərini dənizə gedib çıxan gözəl estakada cəlb edir. Estakadadan ətraf mənzərələri və üfüq xəttində itən su səthini seyr etmək olar. Sahil boyu, xüsusən dayaz yerlərdə su firuzəyi çalar alır, tədricən çalarlar tündləşdir və su anbarının mərkəzində lacivərd rəng alır, buna görə də buxtanın ümumi mənzərəsi Xəzər dənizinin mənzərəsinə bənzəmir. O daha çox Fransız Rivyerasını, hətta tropik çimərlikləri xatırladır. Oxşarlığın tamlığı üçün bircə seyrək kokos palmaları çatışmır. Canlı aləm sarıdan buxta zəngindir. Daşlar üzərində oturmuş qarabatdaq dəstələri, su üzərində pərvaz edən qağayı qatarları, hardasa uzaqda balıq üçün suya baş vuran ördəklər estakadadan aydın görünür.

Kür çayı balıq sarıdan boldur və o, mingəçevirlilərin mətbəxində mühüm yer tutur. Balıqçıların tilovuna daha çox çapaq, suf, çəkibalığı, şamayı, karp, dabanbalığı, naqqa, durnabalığı və s. düşür. Yerli kafe və restoranların demək olar ki, hamısında süfrəyə balıq yeməkləri gətirilir. Burada ilin istənilən fəslində suf, naqqa, şamayı kababı, yaxud sobada bişirilmiş balıq sifariş vermək olar.

Şəhərdə balıq ovu həvəskarları çoxdur. Günün istənilən vaxtı körpü üstündə tilovla dayanan, yaxud sahildə spinninqli balıqçıları görmək mümkündür. Şəffaf sudan kimi şamayı, kimi də dabanbalığı çıxarır. Balıq ovu ilə qocadan cavana hamı məşğul olur. Motel və otellərdə də sizə bunu təklif edə bilərlər. Bu xidmət bir çox turizm obyektlərində əlçatandır, o cümlədən də motorlu qayıq və balıqçılıq təchizatı.

Tilovu yerli bazarda almaq mümkün olsa da, Mingəçevirə səyahətə hazırlaşarkən özünüzlə sevimli spinninqinizi götürməyi unutmayın. O burada yüzdə-yüz sizə lazım olacaq!

Banan bolluğu və unikal abidə

Mingəçeviri mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Burada təxminən hər küçədə bir neçə park yerləşir – biri qurtarır, ardınca digəri başlayır. Ümumiyyətlə, şəhərdə ondan çox park var, onlardan ən böyüyü və məşhuru “Sahil” parkıdır. Bulvar adı ilə də tanınan bu park haqqında söhbətimiz xüsusi olacaq.

Ən vacibi odur ki, şəhərin bütün parkları çox gözəl abadlaşdırılıb, hər biri təkrarolunmaz dizayna malikdir, hər yerdə rahat skamyalar, çoxlu kafelər, uşaq meydançaları və yaşıllıq var. Subtropik iqlim nəticəsində şəhərdə həm yerli, həm də son vaxtlar xaricdən böyük miqdarda gətirilmiş ekzotik bitki növləri yetişdirilir. Burada hətta banan ağaclarını da görmək olar. Onların böyük parlaq yarpaqları landşafta bənzərsiz kolorit verir.

Əgər şəhərə çox hündürlükdən baxılarsa, onun tam yaşıllığa qərq olunduğunu görmək mümkündür. Maraqlıdır ki, hər parkda onun abadlığına cavabdeh olan işçilərin adlarını və telefon nömrələrini göstərən sorğu kitabçası var. Bu cür təcrübə heç paytaxtda yoxdur.

Mingəçevir Bulvarı Kür sahilinin xeyli hissəsini əhatə edir. O, başlanğıcını birbaşa şəhərin girişindəki Kür körpüsündən götürür və Avarçəkmə bazasınadək uzanır. Şəhər sakinləri və qonaqların bu ən çox sevdiyi bu istirahət məkanında məzəli heykəllər, qəndillər və fontanlar quraşdırılıb, yelləncəkli və karuselli uşaq meydançaları var, təmiz havada idman etməyi sevənlər üçün açıq səma altında müxtəlif trenajorlar qoyulub. Parkda çoxlu rahat kafelər var. Orada əyləşərək çay buxtasının unudulmaz mənzərəsindən zövq almaq olar. Siz kafedən çıxıb pilləkənlə gəzinti katerləri və qayıqlarının bağlandığı çay körpüsünə düşəcəksiniz. Çoxyerli (təxminən 50 adamlıq) katerə oturmaq olar. O, sizi Kür çayı boyunca Bulvardan HES-dək tələsmədən gəzdirəcək. Sürətlə şütümək həvəskarları 2 və 10 nəfərlik katerlərin xidmətindən istifadə edə bilərlər. Qeyd edək ki, bütün sərnişinlərə təhlükəsizlik məqsədilə xilasetmə jiletləri verilir. Hazırda parkda Kür üzərində asma kanat yolun salınması davam edir. Uzunluğu 212 metr olan bu kanat yolda iki liftin köməy ilə gün ərzində 1000-dək adamın daşınması planlaşdırılır.

Mingəçevirin digər rəmzlərindən biri hələ SSRİ vaxtından avarçəkmə bazası kimi tanınan “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir. Burada bütün post-sovet məkanından peşəkar avarçəkənlərin yığma komandalarının təlim-məşqi keçirilib və indi də keçirilir. Bazanın unikallığı ondadır ki, burada ilboyu akademik avarçəkmə, baydarka və kanoe üzrə məşq etmək, habelə beynəlxalq turnirlərin keçirilməsi üçün ən münasib şərait var. Bütün bu üstünlüklərlə yanaşı, məhz açıq sahədə geniş su ərazisi, minimum yağıntı və küləyi olan yumşaq iqlim, yaşamaq üçün hər cür şərait və idmançılar üçün xüsusi qidalanma kompleksi həm Avropada, həm də bütün MDB məkanında analoqu olmayan bir məkana çevirir.

Kompleksin tərkibinə 8 üzmə zolağına malik 21х50 metr ölçüdə üzgüçülük hovuzu, 391 tamaşaçı tutan idman zalı, NBA standartlarına cavab verən döşəmə, gəmini xatırladan 6 mərtəbəli 149 nəfərlik 4 ulduzlu mehmanxana, avarçəkmə klubu, tennis kortu, qayıqların saxlanması üçün anqar (ellinq), “Qüllə” restoranı və digər obyektlər var. Burada mütəmadi olaraq peşəkar turnirlər, o cümlədən avarçəkmə üzrə ənənəyə çevrilmiş hər il mart ayında başlanan “Prezident Kuboku” beynəlxalq reqatası, noyabr ayında isə “Mingəçevir reqatası” keçirilir.

Maraqlıdır ki, kompleksin ərazisində vaxtilə əkilmiş qovaq ağacı hələ də durur. Orada asılmış lövhədən ağacın 1875-ci ildə əkildiyi məlum olur. Çoxsaylı qonaqlar nəhəng qovaq ağacının yanında fotoşəkil çəkdirməyi xoşlayırlar. Kompleksin bənzərsiz landşaftından kino işçiləri natura çəkilişlərində də tez-tez istifadə edirlər.

Azərbaycan avarçəkmə idmanının ən uğurlu və tanınmış nümayəndələri dünya və Avropa çempionu Valentin Demyanenko, kanoe üzrə dünya çempionatının mükafatçısı Sergey Bezuqlı, Maksim Prokopenko və başqalarıdır. Şübhə yoxdur ki, məşhur “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin istedadlı yetirmələrinin adı tezliklə dünyaya yayılacaq.

Mingəçevir əlverişli yerdədir. Paytaxtdan bura qatarla və ya avtobusla gəlmək olar. Bundan başqa, siz Mingəçevirə şəxsi avtomobilinizlə gəlsəniz uduzmazsınız. Mingəçevirdə maşın sürməyin ayrı ləzzəti var. Geniş yollar, paralel küçələr və maşınların sayının nisbətən az olması nəticəsində şəhərdə tıxac tamamilə yoxdur. Bu isə paytaxt sakini üçün təmiz hava kimi vacibdir.

Mingəçeviri məşhur edən digər görməli yerlərin adını da xatırlamamaq olmaz. Onların sırasında kompyuter və elektron avadanlıq istehsal edən “Kür” şirkətini qeyd etmək olar. Şirkətin məhsulları Azərbaycanın bir çox təhsil və dövlət müəssisələrində quraşdırılıb. “Ana dili” abidəsi də maraqlı və unikaldır. Abidənin təsvirindən orta məktəb dərsliklərindən birinin üz qabığında istifadə olunub.

Mingəçevir, həmçinin məşhur Sankt-Peterburq – Mingəçevir avtomobil yarışı ilə də məşhurdur. Dörd ölkənin ərazisindən keçən bu yol Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan arasında avtomobil turizmini genişləndirmək üçün nəzərdə tutulub. Bu maraqlı şəhər haqqında zəngin məlumat bir məqaləyə sığmır. Bir sözlə, Mingəçevirə - xoş sürprizlər diyarına gəlin. Orada sizi unudulmaz istirahət və müsbət emosiyalar gözləyir.


04:14 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər