KANAL24.AZ
Az Iw En Ru

BSU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının martın 16-da Bakı Slavyan Universitetində (BSU) təqdimatı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev multikulturalizm dəyərlərindən ibarət olan kitabın tərtibçilərinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib. Bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab çapa hazırlanır. Kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq çapdan çıxdığını deyən Asif Hacıyev nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinədək folklor və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu nəşrdə insanpərvərlik, birlik, bərabərlik ideyaları, Azərbaycan multikulturalizmi tamamilə əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu tolerant, multikultural dəyərlərin əsrlər boyu xalqımızın ənənəsində, mədəniyyətində yaşadığını deyib. Kitabın müəlliflərindən biri olan natiq qeyd edib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatının dərin köklərində multikulturalizmin Dədə Qorqud zamanından mövcudluğunun sübutudur. M.Nağısoylu vurğulayıb ki, multikulturalizm istiqamətində görülən işlərin davamı olaraq AMEA-nın Folklor İnstitutunda “Azərbaycan folklorunda multikulturalizm” mövzusunda elmi araşdırmalara başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını deyib. Aparat rəhbəri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”nı Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. O qeyd edib ki, kitab multikultural təhlükəsizlik üçün vacib mənbədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə BSU-nun kollektivinə minnətdarlığını bildirib.

Ural Federal Universitetinin Azərbaycanşünaslıq Mərkəzi direktorunun müavini Denis Jeriborov, BSU-nun beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, BSU-nun dosenti, filologiya elmləri doktoru Rüstəm Kamal, BSU-nun multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova Azərbaycanda multikulturalizmin xüsusiyyətləri, tarixi ənənəsi, ölkəmizdə aparılan multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb, kitabın müəlliflərinə təşəkkür ediblər.


03:53 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər