KANAL24.AZ
Az Iw En Ru

Naxçıvan məktəbliləri İçərişəhərdə

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan şəhərinin məktəbliləri martın 16-da İçərişəhəri ziyarət ediblər.

Kanal24.az xəbər verir ki, Naxçıvan şəhərinin bütün məktəblərini təmsil edən və IX-XI siniflərdə təhsil alan 150 şagird, 20 bələdçi-müəllimdən ibarət qrup əvvəlcə Qız qalası ilə tanış olublar. Şagirdlərə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Məktəblilərə Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da şagirdlərdə böyük maraq doğurub.

Naxçıvan məktəblilərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi”ni ziyarətlə davam etdirilib. Dərsliklər vasitəsilə tanış olduqları bu sarayı əyani şəkildə görmək məktəblilərdə Azərbaycan tarixinə marağı daha da artırıb.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.

Qeyd edək ki, martın 19-dək davam edəcək səyahət zamanı şagirdlər Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Milli Azərbaycan Tarixi, Azərbaycan Milli İncəsənət, Azərbaycan Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.


03:33 17.03.2016