KANAL24.AZ
Az Iw En Ru

Görkəmli bəstəkar Zakir Bağırovun xatirəsi anılıb

Martın 16-da görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Zakir Bağırovun anadan olmasının 100 iliyi münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri sənətkarın məzarını ziyarət etdilər. Bəstəkarın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül-çiçək dəstələri qoyulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, anım mərasimində Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova Z. Bağırov haqqında xatirələrini bölüşdü. Bildirdi ki, Azərbaycan milli musiqi mədəniyyətinin zənginləşməsində onun özünəməxsus yeri var.

Qeyd olunub ki, Zakir Bağırov müxtəlif janrlara müraciət edərək musiqi xəzinəmizi zənginləşdirən əsərlər yazıb. Onun yaradıcılıq irsinə “Aygün”, “Qoca Xattabıç” operaları, “Qaynana”, “Kəndimizin səsi” operettaları, uşaq baleti, fortepiano ilə simfonik orkestr, tar ilə simfonik orkestr, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, film və tamaşalara yazılmış musiqilər daxildir. Zakir Bağırovun istedadı xüsusilə “Qaynana” musiqili komediyasında öz parlaq təcəssümünü tapıb.

Diqqətə çatdırılıb ki, Zakir Bağırov bəstəkarlıq fəaliyyəti ilə yanaşı, musiqi folklorumuzun toplanması və nota salınması sahəsində mühüm xidmətləri olub. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah” muğamlarını nota yazıb və çap etdirib.

Bildirilib ki, bəstəkarın 1972-ci ildə Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı “Aygün” operası musiqi mədəniyyətimizin gözəl nümunələrindəndir. Zakir Bağırov bir sıra teatr tamaşalarına və filmlərə musiqi yazıb. “Aygün” bədii, “Bərəkətli torpaq”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Bizim Azərbaycan” və s. sənədli filmlərin musiqisi ona məxsusdur.

Bəstəkarın oğlu Elşad Bağırov atasının xatirəsinə, sənət irsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.


03:29 17.03.2016