KANAL24.AZ
Az Iw En Ru

Məktəblilərin maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə ilk qonaqlarını qarşılayıb

Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Saatlı, Sabirabad və Neftçala rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri, müəllimlər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə Gəncə şəhərinə gəliblər.

Kanal24.az xəbər verir ki, tur-aksiya iştirakçılarını Heydər Əliyev Park Kompleksinin girişində, Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qonaqları salamlayan Sevda Qurbanəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər.

Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla anıblar.

Daha sonra aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq çərçivəsində şagirdlər mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə nümayiş olunan məşhur “Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərgiyə baxıblar.

Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı martın 17-də davam edəcək.


03:10 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər