KANAL24.AZ
Az Iw En Ru

İstanbula səyahət

Türkiyənin ən böyük turizm şəhəri İstanbul haqlı olaraq bütün səyahətsevərlər üçün mütləq olaraq baş çəkməli məkan sayılır. Nəhayət ki maraqlı görüşlər və kəşflər intizarı ilə bu şəhərə biz də gəlib çıxdıq. İstanbul da ümidlərimizi boşa çıxarmadı. Dünyanın iki hissəsində yerləşən yeganə şəhər səmimi qəbul, heyrətamiz memarlıq, zərif mətbəx, istənilən zövqə uyğun çoxsaylı əyləncələrlə bizi sevindirdi.

Amma gəlin hər şey haqqında növbə ilə danışaq!

İstanbulda bahar, yaxud naturadan qeydlər

İstanbul – Bakıdan havaya qalxan təyyarələrin ən populyar uçuş səmtlərindən biridir. “Azərbaycan Hava Yolları”nın ağzınadək dolu təyyarəsi buna sübut idi. Həm də bu, AZAL-ın loukost seqmentində ilk uçuş təcrübəmiz idi – ikibaşa biletin qiyməti 139 avro idi.

Şərqlə Qərbin qovuşuğunda yerləşən, Avropanın ən çox əhalisi olan şəhəri bizi gözəl hava ilə qarşıladı. Martın ilk günlərindən başlayaraq şəhər simasını dəyişir: çiçəklər açır, ağaclar tumurcuqlayır, şəhərin gül ləkləri lalə, giasint və digər güllərin xalısı ilə örtülür. Bahar İstanbula səfər üçün gözəl çağdır: mövsümün zirvə çağından fərqli olaraq, turistlər azdır, başlıca görməli yerlərə böyük növbələr yoxdur. Həm də əlverişli iqlim şəhər parklarının xiyabanlarında və şəhərin mənzərəli küçələrində piyada gəzintilərdən, yaxud Bosforda sərnişin bərəsində səyahətdən həzz almağa imkan verir.

İstanbula gələn hər kəs, ilk növbədə, şəhərin mərkəzi küçəsinə – İstiqlala tələsir. Məhz burada şəhərin nəbzi duyulur, həmişə qələbəlikdir və maraqlı nəsə baş verir. Küçə musiqiçiləri tamaşalar təşkil edir, qızardılmış şabalıd, qarğıdalı və təzə midi dükanları təkrarsız qoxuları ilə adamı özünə çəkir, mağazalar isə bahar endirimləri ilə cəlb edirlər. Bu koloritli küçə ilə turistlərin bəyəndiyi qədim, demək olar ki, oyuncaq tramvay sütüyür. Şəhər bələdiyyəsi onu keçmiş ənənələrə ehtiram əlaməti olaraq qoruyub-saxlayıb.

İstiqlal küçəsində daha kimə rast gəlməzsən – dünyanın dörd bir yanından gələn turistlər, yerli qeyri-formallar, rəssamlar, artistlər, bohema nümayəndələri və yoldan ötənlərə öz əl işlərini təklif edən sənətkarlar. Geyim və ayaqqabı mağazalarının ardınca qədim ailə qənnadı dükanlarına rast gəlirsən. Bu dükanlar yüz, ondan da çox illər boyu şəhər sakinlərinə ənənəvi şirniyyatlar təklif edirlər.

İstanbul memarlığını da unutmamaq gərəkdir. Bütün səfər ərzində o bizi valeh edirdi. Burada hər addımda müxtəlif illərə aid orijinal yaşayış binalarını görmək mümkündür. Onlar sıx şəkildə bir-birinə “yapışır”. Ola bilsin ki, şəhərdə qədim tikililərin qorunub-saxlanılmasına dair hansısa sərəncam qüvvədədir, əlbəttə, bunu qəti şəkildə iddia etmirəm, lakin taxtadan tikilmiş köhnə-kürə boş evlər hər iki tərəfdən müasir daş evlərə birləşirsə, başqa cür necə izah edəsən? Belə misallar çoxdur. Hər yerdə müxtəlif, fərqli rəng və formalı tikililər görmək mümkündür. Bu cür müxtəliflik İstanbulun xüsusi, təkrarsız simasını yaradır. Gəzib-dolaşmaq üçün çox maraqlı, hər tində qarşına çıxan qəribə binaları heyranlıq doğuran şəhərdə saysız-hesabsız fotolar çəkirsən. Yalnız İstanbul evlərinin fotolarından böyük ölçülü albom tərtib etmək olar.

İstiqlal küçəsinin demək olar ki, sonuna çatanda mütləq Qalata qülləsinə baş çəkin. O, yüksək təpədə yerləşir və bizim Qız Qalasını xatırladır. 66,9 metr hündürlüyə malik bu qədim tikilinin seyretmə meydançasından Bosforun hər iki sahilində yerləşən möhtəşəm şəhərın heyrətamiz panoramı açılır. Tikilinin üst qatındankı restoranda oturub, bənzərsiz mənzərəni izləyə-izləyə dadlı yeməklər dadmaq özgə ləzzətdir.

Daha bir neçə addım atsanız, məşhur Qalata körpüsünə ayaq basacaqsınız. O, İstanbulun Avropa hissəsinin iki sahilini birləşdirir. Bu körpü üzərində balıq həvəskarları Mərmərə dənizi sularına tilov atır, sahilə yan almış və restorana çevrilmiş çoxsaylı katerlərdə dənizdən tutulmuş ovdan yemək hazırlanır və qonaqlara təklif edilir. Balıq sendviçinin dadına baxmaq istəyənlərin sayı-hesabı yoxdur.

Mavi məscid, sultanların xəzinəsi və yeraltı saray

Qalata körpüsü ilə o biri taya keçərək sanki tarixlə üz-üzə qalırsan: Köhnə şəhərin bu kiçik meydançasında İstanbulun diqqətəlayiq yerlərinin bütöv sırası cəmləşib: heyrətamiz məscidlər – Mavi, Aya-Sofiya, Yeni və Süleymaniyyə, Topqapı sultan sarayı, sirli Bazilika Sisterni və s. Onların hamısına birdəfəyə baxmaq qeyri-mümkündür.

İlk növbədə, biz Sultan Əhməd camisi, yaxud Mavi məscidə yollandıq. O, İstanbuldakı məscidlər arasında əhəmiyyətinə görə birinci, həm də İslam və dünya memarlığının parlaq nümunəsi hesab olunur. İkinci adını – “Mavi”ni məscid tərtibatında istifadə olunmuş səma rəngli kaşılardan alıb. Məscidin altı minarəsi var: dördü, adətdən olduğu kimi, kənarlarda, nisbətən hündür olan ikisi isə məscidin zahiri künclərindədir. Sultan Əhməd məscidi 1609-dən 1616-cı ilədək inşa olunub və şəhərin rəmzlərindən biridir. Məscidin daxili bəzəyi adamı mat qoyur: mərmər sütunlar, göy qurşağının bütün rəngləri ilə bərq vuraraq vitrajlar, divarlar və tavanda incə naxışlar. Turistlərin bura girişi pulsuzdur. Hətta çıxışda istənilən adam Müqəddəs Quranın ingiliscə olan tərcüməsini müftə götürə bilər.

Mavi məscidlə düz üzbəüzdə məşhur Aya-Sofiya yerləşir. Bizans memarlığının dünyaca məşhur abidəsi, keçmiş kilsə, sonralar məscid olmuş bu məbəd hazırda muzeydir və ora giriş 30 lirədir (təxminən 10 dollar). Dünyada çox az yer var ki, orda xristian naxışları, dörd böyük, oval kürədə Quran ayələri və məbədin üst qalereyasının sürahilərində qrafitini eyni məkanda görə bilərsən. Bu qraffitilərin ən qədimləri şəffaf plastiklə örtülüb və özü-özlüyündə diqqətəlayiq hesab olunur. Məsələn, hansısa vikinqin “yadigar qoyduğu” runa əl yazıları hələ də qalmaqdadır. Lövhədə deyilir ki, ordakı yazıda yalnız adı müəyyən etmək mümkün olub – “Halvdan”. Gümanıma görə, müəyyən edilməyən yalnız “...burada olub”dur, ya da buna bənzər nəsə.

Məbədlə yanaşı daha bir diqqətəlayiq məkan – Osman imperiyasının baş sarayı Topqapı yerləşir. Hazırda o, dünyanın ən məşhur muzeylərindən biridir. Nümayişə çıxarılmış eksponatların sayı 65 minə çatır. Bu, muzey kolleksiyasının onda bir hissəsidir. Muzeyə giriş biletinin qiyməti 30 lirədir. Amma indidən bilin, muzeyin daxilində foto çəkmək qadağandır. Bu muzeyin vitrinlərində toplanmış nadir eksponatlar ona baş çəkməni mütləq edir. Burada daha nə yoxdur ki: İbrahim peyğəmbərin istifadə etdiyi məcməyi, Musa peyğəmbərin əsası, həzrəti Yusifin libası, Məhəmməd peyğəmbərin ayaq izinin surəti, kaman və qılıncı, peyğəmbərimizin səhabələri – raşidi xəlifələri Əbubəkr, Ömər, Osman və Əliyə məxsus silahlar. Bütün bunlar və başqa eksponatlar muzeyin müqəddəs əmanətlər pavilyonunda toplanıb.

İmperiya mətbəxində isə XII əsr – XX əsrin əvvəlinə aid çini kolleksiyanı görmək mümkündür. Bu, Çin sərhədlərindən kənarda ən böyük kolleksiyadır. Sultan cavahiratı və bəzək əşyaları imperiya xəzinəsi pavilyonunda nümayişə çıxarılıb. Sultan hərəmxanası da Topqapı kompleksinin ərazisində yerləşir və ora əlavə ödəniş müqabilində baxmaq mümkündür.

İstanbulun qədim hissəsinin ən sirli diqqətəlayiq yeri, fikrimcə, Topqapı yaxınlığındakı Bazilika Sisternidir. O, Konstantinopolun sarayı xatırladan ən iri və yaxşı saxlanmış yeraltı su anbarıdır. Bu tikili VI əsrdə bazilikanın yerində inşa edilib, adda buradan yaranıb. Bazilika Sisternində içməli su ehtiyatı saxlanılır və quraqlıq, yaxud şəhərin mühasirəsi zamanı ondan istifadə edilib. İçməli su buraya su xətti və şəhərdən 19 kilometr şimalda yerləşən Belqrad meşəsi çeşmələrindən akveduklarla çatdırılırdı. Sisternin tağlı tavanını 336 sütun saxlayır, onlardan ikisinin özülündə Meduza Qorqonanın başının heykəli qoyulub. Başlardan biri üzü aşağıdır, digəri yana çevrilib. Hazırda Bazilika Sisterni muzey funksiyası daşıyır (giriş qiyməti 20 lirədir) və onun qaranlıq sularında kök karp balıqları üzür. Məkanın mistik atmosferini dinamiklərdən yayılan uyğun musiqi gücləndirir.

Köpək balığı şahlığı və Yura dövrü parkının mifləri

Gözəl məscidləri və möhtəşəm sarayları ilə məşhur olan İstanbulda tarixi yerlər çoxdur. Bununla bərabər, İstanbulda ailəvi istirahət üçün də yaxşı imkanlar var. Şəhərdəki çoxsaylı parklar, əyləncə kompleksləri, zooparklar və digər maraqlı obyektlər ilin istənilən fəslində qonaqların xidmətindədir. “Yura dövrü parkı” – “Jurassic Land” akvariumunda da ətraf aləm barədə çox maraqlı biliklər əldə etmək, vaxtını faydalı keçirmək mümkündür. Bunu biz şəxsən yəqin etdik.

Əslində İstanbulda iki akvarium var və onların hər biri ən yaxşı akvarium adlanmağa layiqdir. Mərmərə dənizinin sahilində, Floriya rayonunda yerləşən “İstanbul akvaryum” turistlər arasında daha məşhurdur. Haqlı olaraq dünyada ən iri tematik akvarium sayılan, sahəsi 22.000 kvadratmetrə bərabər olan bu akvariumda 6800 kubmetr su tutan 64 rezervuar var. Akvariumda suda-quruda yaşayanların 1500 növünə aid 17.000 canlı saxlanılır. Akvariumun ətrafına dövrə vurmaq üçün 1200 metr qət etmək lazımdır. Bu və ya digər növlərin yayıldığı coğrafi areala uyğun olaraq, akvarium 17 tematik zonaya bölünüb. Müsafirlər sualtı səltənətə səyahətlərini Qara dəniz, Qırmızı dəniz və Aralıq dənizi “sakinləri” ilə tanışlıqdan başlayırlar. Sonrakı zonalarda Panama körfəzini, Sakit okeanı təmsil edən və s. canlılar yaşayır. Marşrut yağışlı meşələr zonasında başa çatır. Burada tropik zona çayları üçün səciyyəvi olan şirinsulu hövzələrdə yayılmış balıqlar və bitkilər, bu mühit üçün xarakterik sürünənlər, amfibiyalar və məməlilər var. “İstanbul akvarium”un işçilərinin sözlərinə görə, yaxın vaxtlarda burada pinqvinlərin də gətiriləcəyi gözlənilir.

Müsafirlərin rahatlığı üçün akvarium gediş-gəlişin pulsuz olduğu avtobuslar təqdim edir. Bu maşınlar müəyyən saatlarda şəhərin Taksim meydanı, Sultanəhməd məscidi və digər mərkəzi rayonlarından yola düşür.

İstanbulun digər akvariumu izdihamlı “Forum” ticarət mərkəzində yerləşən “Sea Life” akvariumudur. Oraya metro ilə getmək olar. 21 tematik zonaya bölünmüş bu akvarium 15.000-dən çox dəniz canlısının yaşadığı 47 rezervuardan ibarətdir. Akvariumun fəxri sayılan “Akulalar səltənəti” bu yırtıcıların Avropada ən böyük kolleksiyasıdır. Burada akula-gitara, akula-çəkic, boz rəngli rif akulası, akula-zebr, pələng-akula və başqa növlər saxlanılır.

Akvariumun müsafirləri uzunluğu 83 metr olan tunelə daxil olanda dəniz canlılarının əhatəsinə düşürlər. Bu “sakinlər” o qədər yaxınlıqda üzür ki, sanki onlara əl uzatsan çatar. Yeri gəlmişkən, akvariumda həqiqətən belə imkan təqdim olunur: xüsusi zonada hər şeylə maraqlanan qonaqlar dəniz ulduzlarına, krablara və ya qəribə anemonlara toxuna bilərlər.

“Forum” ticarət mərkəzində “Jurassic-Land” adlanan daha bir unikal park yerləşir. Dinozavrlara həsr edilmiş və Avropada ən böyük tematik park olan bu obyekt həm də dünyada on ən yaxşı dinozavr muzeyləri siyahısına daxildir. Elmi baxımdan çox maraqlı olan bu kompleks oraya gələnləri planetimizdə 200 milyon il əvvəl və daha qədim dövrlərdə yaşamış heyvanlarla çox maraqlı bir formada tanış edir. Təbii ölçüdə hazırlanmış nəhəng reptiliyaların animasiya maketləri onların zahiri görkəmini və hərəkətlərini dəqiq nümayiş etdirir. Parkın əməkdaşı sizi müxtəlif zonalara aparacaq, nəsli kəsilmiş otyeyən və yırtıcı dinozavrların davranış, qidalanma və çoxalma xüsusiyyətləri ilə tanış edəcək. Ekskursiya zamanı siz bu və ya digər dinozavrların adlarının mənşəyi ilə, habelə bu qorxunc varlıqlar barədə yanlış təsəvvürlərlə bağlı çox maraqlı faktlar öyrənəcəksiniz. Məsələn, “Yura dövrü parkı-3” filmində təsvir edilən spinozavr ilə tirannozavrın döyüşü gerçək həyatda baş verə bilməzdi, çünki bu iki növün təkamül dövrləri arasında bir neçə milyon il keçib və onlar tarixin tamamilə fərqli dövrlərində yaşayıblar.

Öyrədici proqram başa çatandan sonra müsafirlər Yura dövrü parkı səmasında uçuşu simulyasiya edən “JuraCopter” 4D attraksionunda əylənə bilərlər.

Aqatanın yoxa çıxması və Atatürk qobeleni

Otellər bu və ya digər ölkələrə səyahətin ayrılmaz tərkib hissəsidir. Ona görə də üz tutduğumuz hər bir diyarda orijinal mehmanxanalar olub-olmadığını əvvəlcədən müəyyən etməyə çalışırıq. Həm də sizi maraqlandıran oteldə qalmağınız heç də vacib deyil, sadəcə həmin otelin ərazisində gəzişmək, nömrələrə baxmaq olar. İnanın ki, heç kəs sizi bu imkandan məhrum etməyəcək. Tarixi “Pera Palace Hotel Jumeirah” oteli bəlkə də bütün İstanbulda ən məşhur mehmanxanadır. Biz də oraya yollandıq. Bu otel ilə bağlı o qədər maraqlı əhvalatlar var ki, adam bilmir nədən başlasın. Özünüz fikirləşin, fransız mənşəli memar Aleksandr Valorinin layihəsi əsasında tikilən bu otel 1895-ci ildə məxsusi olaraq Paris ilə İstanbul arasında hərəkət edən əfsanəvi “Şərq ekspresi” qatarının sərnişinlərinin yerləşməsi üçün ucaldılıb. “Pera Palace Hotel Jumeirah” oteli açılan dövrdə İstanbulda cəmi üç bina elektrikləşdirilmişdi və həmin üç binadan biri bu otel idi. Burada hələ də işləyən qədim elektrik lifti isə Türkiyədə birinci və Avropada ikinci (Eyfel qülləsindəki liftdən sonra) elektrik lifti olub. Otelin mövcud olduğu dövrdə orada azı 11 nəfər taxt-tac sahibi, müxtəlif ölkələrin 6 prezidenti, 39 tanınmış yazıçı və çoxsaylı başqa məşhur müsafirlər yaşayıb. Otelin qonaqları arasında İngiltərə kralı V Georq, Almaniya kayzeri II Vilhelm, çar II Nikolay, Ernest Heminquey (bu yazıçı özünün “Kilimancaro qarları” əsərində həmin mehmanxananı xatırlayıb), Qreta Qarbo, Sara Bernar, Alfred Hiçkok, Dmitri Şostakoviç, Jaklin Kennedi və bir sıra başqaları da olub. Lakin bu mehmanxananın bütün apartamentləri arasında 411-ci və 101-ci nömrələr daha məşhurdur.

Aqata Kristi bir neçə dəfə məhz 411-ci nömrədə qalıb və məşhur “Şərq ekspresində qətl” detektivini bu nömrədə yazıb. Yazıçıya ehtiram əlaməti olaraq, 411-ci otağın orijinal interyeri, Aqata Kristinin yazı makinasının surəti və əsərlərinin külliyyatı qorunub saxlanıb. “Detektivlər kraliçası” adlanan Aqata Kristinin həyatında bu otel ilə bağlı bir əhvalat həqiqətən detektivə oxşayır. 1926-cı ildə Aqata Kristi öz evindən yoxa çıxıb. O, öz katibinə yazdığı məktubda Yorkşirə yola düşməsini bildirirdi. 11 gün ərzində Aqata Kristinin harada olması barədə heç bir məlumat yox idi. Sonradan onun avtomobili çevrilmiş vəziyyətdə tapıldı, amma maşın boş idi. Aqatanı ölmüş hesab ediblər, lakin bir neçə gündən sonra yazıçı sağ-salamat qayıdıb. Yazıçının ölümündən 3 il sonra, 1979-cu ildə “Warner Brothers” kino şirkəti onun haqqında film çəkmək istəyib. Lakin ssenarini tamamlamaq üçün müəlliflər Kristinin 1926-cı ildə 11 gün harada olduğunu aydınlaşdırmalı idilər. Köməyə çağırılmış medium Aqata Kristi ilə spiritik əlaqə yaradır. Deyilənə görə, yazıçının ruhu bildirib ki, Aqata Kristinin şəxsi gündəliyi saxlanılan yeşiyin açarı “Pera Palace” otelinin 411-ci nömrəsindədir. Ən maraqlısı budur ki, oteldə həqiqətən açar tapılıb. Amma gündəliyin saxlandığı yeşik bu günə qədər aşkar edilməyib...

Həmin oteldəki 101-ci nömrə isə Mustafa Kamal Atatürkün adı ilə bağlıdır. Türk xalqının böyük oğlu və müasir Türkiyənin banisi bu oteldə ilk dəfə 1917-ci ildə qalıb. O vaxtdan oraya gələndə həmişə həmin nömrədə yaşayıb. 1981-ci ildə Atatürkün 100 illik yubileyi şərəfinə həmin nömrə muzeyə çevrilib. Atatürkün şəxsi əşyaları – paltarları, baş geyimi, ayaqqabıları, eynəyi və başqa əşyalar bu muzeydə saxlanılır. 1929-cu ildə hindistanlı maxaracanın Atatürkə hədiyyə etdiyi ipək qobelen isə muzeyin eksponatları sırasında xüsusi yer tutur. Bu qobelenin üzərində təsvir edilmiş saat 9.07-ni göstərir. Bu qəribə rəqəmin sirri hamını heyrətləndirirdi. Lakin 1938-ci il noyabrın 10-da saat 9.05 dəqiqədə Türkiyə cümhuriyyətinin banisinin ürəyi dayandı, iki dəqiqədən sonra isə onun beyninin də fəaliyyəti dayandı. O vaxt məlum oldu ki, bu qobelen uzaqgörənlik nümunəsi imiş.

Atatürkün vaxtilə qaldığı, indi muzeyə çevrilmiş bu nömrə oteldə yeganə otaqdır ki, oraya müsafirlər qəbul edilmir. Lakin arzu edən hər kəs hər gün saat 11.00-dan 12.00-dək və 15.00-dan 16.00-dək bu nömrəyə tamaşa edə bilər.

Sözardı əvəzi və ya İstanbulun sirləri

İstanbulda diqqəti cəlb edən məqamlardan biri də insanların heyvanlara heyrətamiz dərəcədə qayğıkeş münasibətidir. Burada şəhər sakinlərinin gəzməyə çıxarkən öz ev heyvanlarını da götürməsini hər yerdə görə bilərsiniz. Şəhərdə sahibsiz itlər də çoxdur, lakin onlar hamısı tox, həyatlarından razı görünür. Bu, bələdiyyənin qayğısı sayəsində mümkün olub. İtlərin hər birinin qulağına həmin heyvanın vaksinləşdirilmiş olmasını və ətrafdakılar üçün heç bir təhlükə doğurmadığını göstərən xüsusi nişan vurulub. Bundan əlavə, şəhərin çox yerində xüsusi budkalarda içərisində itlər üçün yem olan qablar qoyulub. İnsanın dördayaqlı dostlarına köməyin bir üsulu da budur ki, zibili xüsusi qablara atırlar. Sahibsiz heyvanlara qayğı göstərməyin bu orijinal üsulunu yalnız İstanbulda görmüşük. Zibili xüsusi qaba atanda qabın qapağı açılır və itlər, yaxud pişiklər üçün nəzərdə tutulan yemin bir hissəsi zibilqabının yanında qoyulmuş qaba tökülür. Necə deyərlər, “ikisi birində” – həm təmizliyi gözləyirsiniz, həm də heyvanları yedirirsiniz!

Nəhayət, turistlər üçün əhəmiyyətli olan daha bir məsələ - nəqliyyat barədə. İstanbulda bu iş çox yüksək səviyyədə təşkil edilib. Bunun sayəsində səyahətdə olduğumuz dövrdə bir dəfə də olsun taksi tutmağa ehtiyac yaranmadı. Şəhərin bütün əsas görməli yerlərinə metro işləyir, hətta aeroportda da metro stansiyası var. Metropoliten qatarları getməyən yerlərə isə tramvaylar və avtobuslar gedir. Avtobus getməyən yerlərə funikulyorla və kanat yolu ilə gedə bilərsiniz. Bəli, bütün nəqliyyat növləri vahid şəbəkə halında birləşib və bir-birini ahəngdar formada tamamlayır. Burada hətta metrobus və marşrut bərəsi kimi ekzotik nəqliyyat növləri də var. Gediş haqqını isə ən yaxın dayanacaqda asanlıqla ala biləcəyiniz vahid kart vasitəsilə ödəmək olar. Əgər sizin kartınızda müəyyən məbləğ qalarsa, narahat olmayın: siz İstanbula növbəti dəfə gələndə həmin kartdan istifadə edə bilərsiniz.

Oraya qayıtmaq istəyəcəyiniz isə şübhəsizdir. Bu şəhərdə nə isə izahedilməz bir energetika var. Vaxtilə 4 imperiyanın paytaxtı olmuş İstanbul əsrlər boyu səyahətçiləri cəlb edir. Bu insanlar bir səslə deyirlər: əgər bircə dəfə bu şəhərdə olsanız, heç şübhəsiz, buraya yenə qayıdacaqsınız!


04:48 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər