KANAL24.AZ
Az Iw En Ru

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, olimpiadanın yarımfinal turu ölkənin 11 müxtəlif bölgəsində - Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, Şəki, Lənkəran, Xaçmaz, Şirvan, Şamaxı və Bakı şəhərlərində keçirilib. Bu mərhələdə 4 min 500-dək şagird bilik və bacarıqlarını nümayiş etdirib.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə IX-XI sinif şagirdləri arasında keçirilir. Bununla yanaşı, olimpiadanın əvvəlki mərhələlərindən uğurla keçən beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin məşğələlərində iştirak etmiş VII və VIII sinif şagirdləri, habelə xüsusi istedada malik aşağı sinif şagirdləri də yarımfinal turuna qatılıb.

Respublika mərhələsinin yarımfinal turunda da şagirdlərə tapşırıqlar qapalı test formasında təqdim edilib. Bu mərhələnin nəticələrinə əsasən, hər fənn üzrə 60-dək şagird respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin apreldə keçirilməsi planlaşdırırlır.

Qeyd edək ki, respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə 27 min 500-dən çox şagird iştirak edib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fənn və hər sinif üzrə 60 faizdən yüksək nəticə göstərən ən yaxşı üç şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanıb.


04:18 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər