KANAL24.AZ
Az Iw En Ru

Devid Harris ADU-nun fəxri doktoru adına layiq görülüb

Martın 14-də ABŞ-ın aparıcı yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan Kanal24.az-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov belə görüşlərin ölkələrimiz arasındakı təhsil əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Universitetin yaranması, tarixi və beynəlxalq əlaqələri haqqında qonağı geniş məlumat verən D.Yunusov burada 22 dilin tədris olunduğunu, eyni zamanda müxtəlif fakültələrin fəaliyyət göstərdiyini qeyd edib. ADU-da 17 ölkənin dil və mədəniyyət mərkəzlərinin, o cümlədən Yaxın Şərq və İsrail Araşdırmaları Mərkəzinin yaradıldığı bildirilib.

Universitetin beynəlxalq əlaqələrindən danışan D.Yunusov ADU-nun dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxladığını, Avropa Birliyinin bir sıra layihələrində iştirak etdiyini söyləyib. Amerikalı tələbələrin ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramı çərçivəsində Azərbaycan dilini öyrənmək üçün hər il ADU-nun yay məktəbində iştirak etdikləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin gələcək əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.

D.Harris ADU ilə tanışlıqdan məmnunluğunu bildirib, Azərbaycan-ABŞ əlaqələrindən, Azərbaycan və yəhudi xalqları arasındakı münasibətlərin dərinləşməsindən söhbət açıb.

Vurğulanıb ki, D.Harris ölkələrimiz arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin dərinləşməsində böyük xidmətlərinə görə universitetin elmi şurasının qərarı ilə ADU-nun fəxri doktoru adına layiq görülüb.

Professor D.Yunusov ADU-nun fəxri doktoru diplomunu qonağa təqdim edib.

D.Harris ADU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, kollektivə uğurlar arzulayıb.

Görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksi, eyni zamanda İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi ilə tanış olub.


02:49 15.03.2016
Xəbər lenti
Bütün xəbərlər