KANAL24.AZ
Az Iw En Ru

Maslenitsanı Azərbaycanda da sevirlər. Fotoreportaj

Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rusların ənənəvi bayramı – Maslenitsa qeyd olunub. Şənlikdə Bakının ali və orta məktəblərinin tələbə və şagirdləri, RİMM-nin Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri və həmvətənlər iştirak ediblər.

RİMM-nin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Aleksey Konnov qonaqları Maslenitsa bayramı münasibətilə təbrik edib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nəzrin Xosuzadə Maslenitsa, onun ənənələri, habelə onu Novruz bayramı ilə doğmalaşdıran cəhətlər barədə məlumat verib.

“Ayselin” studiyasının gənc rəqqaslarının, Bakı şəhərindəki 10 nömrəli musiqi məktəbi şagirdlərinin və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Aytac Şahmarqızının iştirakı ilə konsert olub.

Azərbaycanın Rus İcmasının rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin başda olmaqla, icma üzvləri bayramın sonuncu gününü ənənəyə uyğun şəkildə vüsətlə, Maslenitsa fəsəliləri və mahnılarla qeyd ediblər.


02:36 15.03.2016