KANAL24.AZ
Az Iw En Ru

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti buraxılışı (Cild 8. № 1, yanvar-mart) çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, nəşrin yeni nömrəsi akademik A.Paşayevin, R.Cəfərzadənin, İ.İsgəndərovun, S.Kərimovun birgə müəllifi olduqları “Təsvirə görə məsafənin təyin olunması üçün tətbiqi üsul” sərlövhəli məqalə ilə açılır. Jurnalın “Aviasiya” bölməsində dərc edilmiş bu məqalədə oxucuların diqqətinə çatdırılır ki, müasir texnikanın müxtəlif sahələrində yerdəyişmənin qiymətinin və ya obyektlər arasında məsafənin ölçülməsi zamanı xüsusi dəqiqlik tələb olunur. Bu məsələnin həlli üçün bir sıra metodlar mövcuddur və onların arasında maqnitostriktiv, ultrasəs, lazer, potensiometrik və digər fiziki proseslərə əsaslanan üsullar xüsusi yer tutur. Lakin bu üsullarda müəyyən çatışmazlıq mövcuddur. Girişdən, “Müasir məsafə ölçmə metodları və onların tətbiqi xüsusiyyətləri”, “Təsvir üsulu ilə məsafənin təyin olunmasının riyazi modeli”, “Təsvirə görə məsafənin təyin olunması üçün tətbiqi proqram tərtibatı” hissələrindən və nəticədən ibarət elmi məqalədə yerdəyişmənin qiymətinin ölçülməsi üçün müasir texnikanın müxtəlif sahələrində tətbiq olunan təmassız məsafəölçmə üsulları müqayisəli təhlil edilib. Həmçinin təsvir üsulunun perspektivliyi və videogörüntülərin emalında kompyuter texnologiyalarının tətbiqi nəticəsində ölçmələrin dəqiqliyinin daha da artırılması üsulları tədqiq olunub. Nəticədə təsvir üsulu ilə məsafə ölçmə üsulunun riyazi modeli, onun tətbiqini yerinə yetirməyə imkan verən alqoritm və proqram təminatı işlənib hazırlanıb. Bu proqramın hər hansı əməliyyat sisteminə bağlı olmamasını nəzərə alsaq, gələcəkdə həmin üsuldan müxtəlif sahələrdə səmərəli istifadə etmək mümkündür. İşin yerinə yetirilməsi zamanı “Microsoft Windows” əməliyyat sistemindən əlavə, kiçik ölçülü və kontroller çıxışları vasitəsilə müxtəlif mexaniki idarəetmələrə imkan verən “Rapsberry Pi2” birplatalı kompyuterlərdən istifadə olunub və qənaətbəxş nəticələr əldə edilib.

“Aviasiya” bölməsi ilə yanaşı, “Mexanika və maşınqayırma”, “Cihazqayırma”, “Neft və qaz”, “Neft-kimya texnologiyası”, “Energetika”, “Gəmiqayırma” bölmələrindən ibarət olan nəşrin bu nömrəsində oxucuya müvafiq sahələrin inkişaf istiqamətləri, Azərbaycanda elm və texnikanın son nailiyyətləri üzrə mühüm məlumatlar verilib. “Qazıma bucurqadının əyləc qasnağının çənbərinin elektrotermomexaniki yeyilməsi və dağılması” (III hissə), “Gecəgörmə cihazlarının istehsalı prosesinin təkmilləşdirilməsi”, “Neftçıxarmada su-neft sistemləri əsasında reotexnoloji üsulların yaradılması və tətbiqinin perspektivliliyi”, “Yüksək gərginlikli və yüksək tezlikli impuls qurğularının əsas hissələrinin işlənilməsi”, “Xəzər dənizində Nəqliyyat Donanması gəmilərinin beynəlxalq konvensiyanın tələblərinə uyğunluğunun analizi” və digər məqalələr həm də elmi ictimaiyyətimizin tədqiqat araşdırmaları üçün maraqlı mənbələrdir.

Nəşrin bu nömrəsi akademik Arif Paşayevin ad gününə həsr edilən məqalə ilə sona çatıb.

“Azərbaycan Mühəndislik Akademiyası” İctimai Birliyinin təsisçisi olduğu bu jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrini dərc olunmaq üçün daxil edilib. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal Azərbaycan, rus və ingilis dillərində nəşr edilir. Nəşr beynəlxalq elmi sitat sistemi SCOPUS və “Thomson Reuters” qeydiyyatı prosesindədir. Jurnal texniki elmlər üzrə referativ məlumatların beynəlxalq ingilis dili bazasına – “INSPEC”ə daxil edilib.


02:16 15.03.2016