KANAL24.AZ
Az Iw En Ru

“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunda beş şəhər üzrə layihə işləri davam etdirilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə institutunda paytaxt və regionların inkişaf planı üzərində iş davam edir.

Kanal24.az xəbər verir ki, bu layihələr əsasən Göygöl, Masallı, Salyan və Xaçmaz rayonlarını əhatə edir.

İnstitutun direktoru Süleyman Cabbarov bildirib ki, planlaşdırma sənədlərinin hazırlanması zamanı ilk növbədə məskunlaşma ərazilərinin inkişaf perspektivləri nəzərdən keçirilir.

Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin 26 fevral 2016-cı il tarixli sərəncamı və Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında mühüm vəzifələr qoyulub. Bu məsələlərdən biri də paytaxtımızda köhnə binaların sökülərək yerində inşa olunacaq daha müasir yaşayış binalarının layihələndirilməsidir. Həmin işlər görülərkən müasir memarlıq və şəhərsalma prinsiplərinin qorunub saxlanilması diqqətdə saxlanılır.

Şəhərlərin və digər yaşayış məntəqələrinin baş planlarının hazırlanması üzrə sifarişçi funksiyalar da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. İndiyə qədər komitə tərəfindən ölkəmizin 42 şəhəri üzrə baş plan sənədləri sifariş edilib. Bunlardan 37 şəhərin baş planları artıq tərtib olunub, 5 şəhər üzrə layihə işləri davam edir, məlumatların toplanılması və təhlili aparılır.

Yaxın 5 ildə digər şəhərlərin baş planlarının hazırlanması da nəzərdə tutulur.


01:58 14.03.2016