KANAL24.AZ
Az Iw En Ru

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarına biletlərin satıldığı ilk məntəqənin açılışı olub

“Formula-1” yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “Park Bulvar” ticarət mərkəzində bu ilin yayında Bakıda keçiriləcək Avropa Qran-prisinə biletlərin satıldığı ilk məntəqənin açılışını edib.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, ticarət mərkəzinin birinci mərtəbəsində əsas giriş tərəfdə yerləşən məntəqə yarışa bilet almaq istəyənlərə həftənin hər günü xidmət göstərəcək. Bununla yanaşı, yaxın günlərdə əlavə bir neçə bilet satışı məntəqəsinin də açılışı gözlənilir.

Əməliyyat şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı məntəqələrinin fəaliyyətə başlaması ilə əlaqədar deyib: “Biz yerli “Formula-1” həvəskarlarına Avropa Qran-prisinə bilet almağı asanlaşdırmaq üçün bu məntəqəni açdıq. Yerli tamaşaçılar onlar üçün təklif olunan imtiyazlı biletləri “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin rəsmi vebsaytı vasitəsilə yanaşı, buradan da əldə edə bilərlər. Məhdud sayda bilet var. Biz hamını bilet almağa dəvət edirik”.

Azərbaycan vətəndaşlarına və ölkəmizdə məskunlaşmış xarici ölkə vətəndaşlarına biletlər 20-40 faizlik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs imtiyazlı biletlərdən ən çoxu 4-nü ala bilər. İmtiyazlı biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

İyunun 17-si üçün satılan biletlər xaricində digərləri yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar “Formula-1” yarışı ilə yanaşı, keçirilən GP2 seriya yarışlarını izləmək və dənizkənarı bulvar ərazisində salınacaq F1 şəhərciyinə giriş imkanı əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edəcəklər.


05:38 09.03.2016
Xəbər lenti
Bütün xəbərlər