KANAL24.AZ
Az Iw En Ru

Bakı məktəbliləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilir

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilir. Müsabiqədə paytaxtın ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin VIII-X sinif şagirdləri iştirak edirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin təhsil müəssisələrində keçirilən birinci mərhələsi artıq başa çatıb. Hazırda Bakının rayonları üzrə ikinci mərhələ keçirilir.

Müsabiqədə üç nəfərdən ibarət komandalar iki akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq fizika fənni üzrə 30 sualdan ibarət testi, beş məsələni və bir praktik işi yerinə yetirirlər. Qaliblər ekspert qrupu tərəfindən beş bal sistemi ilə müəyyənləşdirilir, çox bal toplayan komanda qalib hesab olunur.

Artıq Binəqədi, Nizami, Xətai, Yasamal, Nəsimi və Nərimanov rayonları üzrə rayon mərhələsi keçirilib, qalib komandalar müəyyənləşdirilib. Müsabiqənin Bakının rayonları üzrə ikinci mərhələsi martın 5-də başa çatacaq.

Yarışmanın final mərhələsində hər rayondan birinci və ikinci yerləri tutan iki komanda olmaqla ümumilikdə 24 komanda iştirak edəcək. İlk üç yeri tutan komandalar qalib hesab olunacaq.


05:40 05.03.2016
Xəbər lenti
Bütün xəbərlər