KANAL24.AZ
Az Iw En Ru

Hacı Xaliq Bəşər: “Milli Elmlər Akademiyası bu gün elmin mərkəzi statusunu daşıyır”

Ən gənc hüquq elmlər doktoru Hacı Xaliq Bəşərin Kanal24.az-a verdiyi ekskluziv müsahibəsini oxucularımıza təqdim edirik:

 

“Sevgili peyğəmbərimiz qədər elmə qiymət verən olmayıb. Elmin başlanğıcı var, sonu yoxdur. Sokrat əlli yaşında gəlir təkəbbürlük edir deyir ki, mənə heç nə lazım deyil, mən artıq hər şeyi bilirəm. Amma yetmiş yaşına çatanda bir şeyi etiraf edir ki, mən bir şeyi bilirəm ki, mən heç nə bilmirəm”. Bu sözləri tanınmış və elmə meyli olan, yalnız və yalnız elmi mütaliə edən Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi,hüquq elmlər doktoru Hacı Xaliq Bəşər söylədi. Bizimlə həmsöhbət olan müsahibimizin obyektiv, xoş təəssüratlı və qonaqpərvər, hörmətli elm adamı hər cümləsində intellektual,  elmlə məşğul olduğunun bir daha şahidi olduq. Və bunu oxucularımıza onun sözləri ilə çatdırmağı özümüzə borc bildik.

 

Azərbaycanın elmi bu sürətlə davam etsə Avropada və dünyada ilk beşliyə daxil ola biləcək.

 

-Azərbaycanda elmin inkişafını necə dəyərləndirirsiniz?

 

Azərbaycanın bu gün ki, elmi durumuna nəzər saldıqda son bir ildə elmdə ümumi götürsək Milli Elmlər Akademiyasında çox böyük dəyişiklik  və irəlləyişlər var. O dəyişikliklərdən biri bizdə “Elm Mərkəzi”-nin, ikincisi Azərbaycan Respublikası Prezidenti yanında “Elm Fondu”-nun, üçüncüsü “Təhsil Fondu”-nun yaranmasıdır. Və bu gün artıq bizim bir çox dünya ölkələri ilə inkişaf etmiş Avropa ölkələri ilə elmin inteqrasiyası ilə bağlı çox sıx əməkdaşlığımız var. Hansı ki, bunu hal-hazırda da kütləvi informasiya mərkəzləri, elektron informasiya vasitələri daimi və müntəzəm olaraq işıqlandırır. Bütün bunların hamısının qarşısında yekun olaraq Azərbaycanın gələcəkdə elmin uğurlu inkişafına, tərəqqisinə, dayanıqlığına mənim çox böyük ümidlərim var və bir alim, hüquqşünas kimi  ümidlərim çox böyükdür. Azərbaycanın elmi bu sürətlə davam etsə biz çox yaxın zamanda istər elmdə, istər təhsildə Avropada və dünyada ilk beşliyə daxil ola biləcəyik.

 

Milli Elmlər Akademiyası bu gün bütün elmin mərkəzi statusunu oynayır

 

-Milli Elmlər Akademiyası bizə lazımdırmı?

 

Sovetlər dönəmi dağıldıqdan sonra 90-cı illərdə biz Sovetlər İttifaqından təcrid olunduq və Azərbaycan 91-ci ilin noyabr ayında müstəqillik aktını qəbul etdi və müstəqillik elan olunduqdan sonra bir çox insanlar, o cümlədən 92-93-cü illərdə  Azərbaycan xalq cəbhəsi (AXCP) hakimiyyətə gələndə o zaman belə bir fikir səslənirdi, daha çoxda dövlət katibi və baş nazir postunu tutan Pənah Hüseynov tərəfdən ki, Milli Elmlər Akademiyası bağlanmalı, elm tamamilə ləğv olunmalıdı. Hətta Akademiyanın İnzibati binasını da hərraca çıxarmaq haqqında fikirlər səsləndirirdi. Bu günsə artıq 2014-cü ilin axırları, 2015-ci il yaxınlaşır, sizə tam səmimiyyətimlə deyə bilərəm ki, Milli Elmlər Akademiyası lazımdır. Milli Elmlər Akademiyası bu gün bütün elmin mərkəzi statusunu oynayır. Akademiyanın nəzdində təxminən əlliyə yaxın institutlar var, onların bir neçəsi də bu il yarandı. Dünən isə Dünya Siyasətşünaslıq İnistitutu yarandı, Milli Məclisinin deputat Musa Qasımlı da direktor təyin olundu. Bütün bunların hamısı  göstərir ki, Milli Elmlər Akademiyası çox şaxəlidir və elmin çox böyük şaxələri ilə məşğul olur. Mən gənclər üçün düşünürəm ki, Akademiya yaşamalıdır, inkişaf etdirməli və çox böyük gələcəyi var.

 

Akademiyada elmin dinamik inkişaf tendensiyası göz qabağındadır.

 

 

-Akademiyada elmin inkişaf perspektivləri hansı səviyyədədir?

 

Akademiyada elmin dinamik inkişaf tendensiyası göz qabağındadır. Akademiyanın prezidenti akademik Akif  Əlizadə intensiv olaraq gördüyü işlər və akademiya haqqında ictimaiyyətə geniş məlumatlar verir.  Bu yaxınlarda Almaniya ilə böyük bir tərəfdaşlıq protokolu imzalandı. Bundan öncə isə İngiltərə, Yaponiya, Rusiya, ABŞ-la ikitərəfli çox böyük sazişlər imzalandı. Dünyanın təxminən 63 ölkəsindən Milli Elmlər Akademiyasına gənclər dəvət olundu, gənclər forumu keçirildi və s. Bütün bunlar hamısı göstərir ki, elm uğurla inkişaf edir, protokol və söz yığmaq xətrinə deyilmir bu sözlər. Ortada böyük, təkzibolunmaz hüquqi, elmi faktlar var.

 

Elm bir məmur ordusu deyildir, elm yaradıcı ordudur.

 

-Bəs, Akademiyada elmlə bağlı digər gözləntiniz nələrdir?

 

Yaradıcı insanların heç vaxt azadlığını məhdudlaşdıra bilməzsən. Elm bir məmur ordusu deyildir, elm yaradıcı ordudur. Elmi heç vaxt məhdudlaşdırmaq mümkün deyil. Elm bəşərdir, necə ki, bu gün Məhəmməd peyğəmbər, Nizami, Füzuli, Nəsimi bəşərdir. Heç bir elmi məmləkətə və ölkəyə sığışdırmaq olmaz.  Ona görə də dua edirəm ki, Azərbaycanda elm adamları “Nobel” mükafatına layiq görünsünlər.

 

Dəqiq elmlər sahəsində “Nobel” mükafatına layiq görüləsi insanlarımız var.

 

 

-Sizcə Akademiyanın üzvü olaraq elm adamlarından kimlər “Nobel” mükafatına layiqdir?

 

Sualınız ağırdır...! Mənim fikrim subyektiv ola bilər, səmimi desəm bu gün bütün akademiklərin hamısı ilə təmasda deyiləm və tanısam da elmi diskussiyalarına bələd deyiləm.  Mən düşünürəm ki, bizim kifayət qədər istər humanitar, istərsə də dəqiq elmlər sahəsində səviyyəli, savadlı, dəyərli akademiklərimiz var. Dəqiq elmlər sahəsində “Nobel” mükafatına layiq görüləsi insanlarımız var. Amma onlar bu günə qədər niyə təqdim olunmayıblar, artıq başqa sualın bir mövzusudur.

 

“Nobel” mükafatına Milli Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev layiq görülüb. Ancaq ......

 

-Qeyd etdiniz ki, “Nobel” mükafatına layiq görüləsi akademiklər var, ancaq hələ də ala bilməyiblər. Səbəb nədir? Akademiklərimizə kimlər maneələr yaradır?

 

Sovetlər dönəmində bizim iki böyük alimimiz “Nobel” mükafatına layiq görülüb. Onlardan da biri  Yusif Məmmədəliyev olub, hansı ki, Akademiyanın prezidenti də olub. O zaman da Mikayan və Xruşov cütlüyü Məmmədəliyevin “Nobel” mükafat almasına böyük maneçilik törədib. Çox təəssüf hiss edirəm ki, burda da pərdə arxası din faktoru böyük rol oynayıb. Aydın məsələdir ki, Mikayan və Xruşov Azərbaycana və xalqına yad münasibət bəsləyiblər. Ona görə də  bu səbəblərdən hörmətli akademikimiz Yusif Məmmədəliyev mükafat almasının yolları süni şəkildə alınıb və bir siyasi qərar olub bunun haqqında. Azərbaycan müstəqillik qəbul etdikdən sonra alimlər bu mükafatı almağa iddialı olublar, amma ala bilməyiblər.

 

Bu sahə ilə məşğul olmağa peşman deyiləm

 

 

-Hüquqşünas olaraq nə üçün hüquqşünas kimi yox, elmə yönəlib və elm adamı kimi fəaliyyət göstərməyi və  bu sahə üzrə dünyaya tanınmağı seçmisiniz?

 

Mənim ixtisasım hüquqşünas olsa da, elmi fəaliyyətim özü də peşə fəaliyyəti olaraq Milli Elmlər Akademiyasında Beynəlxalq Terrorizm Trans Milli Cinayətkarlıq sahəsi ilə məşğul oluram. Mən bu sahə ilə məşğul olmağa peşman deyiləm və düşünürəm ki, axıra qədər intensiv,  mütəmadi məşğul olsam kifayət qədər Beynəlxalq Hüquq sahəsini dünya çapına çıxara biləcəyəm.

 

“Böyük jurnal olmaq dövlət yaratmaq  kimi bir şeydir”

 

-Bu yaxınlarda “Unikal” jurnalınız işıq üzü görüb. Bu haqda nə deyə bilərsiniz?

 

“Unikal” jurnalını 13 nəfərlik heyyət ilə çox böyük zəhmət və yuxusuz gecələrin əziyyəti ilə çap etdirdik. Tam səmimi deyirəm, jurnalın baş redaktoru fəlsəfə elmlər doktoru İlham Məmmədzadənin ilk sözü bu oldu ki, biz jurnalı qura biləcəyik mi? Təsisçi kimi təbii ki, mən inadkarlıq göstərdim, amma onun ilk sözü belə oldu: “Böyük jurnal olmaq dövlət yaratmaq  kimi bir şeydir”. Mən öz jurnalımıza başda İlham müəllim olmaqla gərgin iş fəaliyyətində uğurlar arzu edirəm.  Jurnalın növbəti saylarının işıq üzü görməsini, dünya çapında məşhurlaşmasını istəyirəm. Jurnalda dünya arenasında, elmdə gənclərə geniş yer verib onları müdafiə etmələrinə şərait yaranıb. Bizdə cənab prezident İlham Əliyevin elmə, gənclərə verdiyi mənəvi dəstəyindən qidalanıb  uğurlu addımlar ata bilirik.

 

İddialıyıq!

 

-Jurnalın təsisçisi olaraq, sizcə jurnalı dünyaya tanıda biləcəksinizmi?

 

İddialıyıq!  Amma tanınması üçün zəhmət tələb olunur. Böyük Allahda hər bir zəhmətin bəhrəsini verir.

 

Biz istəyirik ki, dünya çapında tanınaq, “Nobel” mükafatı laureatına layiq görülək.

 

-Jurnalın gələcək fəaliyyət və perspektivləri barədə nə deyə bilərsiniz?

 

Biz istəyirik ki, dünya çapında tanınaq, “Nobel” mükafatı laureatına layiq görülək. Bu günlərdə Akademiyanın Vitse- prezidenti İsa Həbibbəyli ilə görüşümüz olub, Teymur Kərimli, Prezident Aparatının bir neçə üzvləri və Milli Məclisin deputatları ilə görüşümüz olub, qərar qəbul etmişik ki, jurnal dünya çapında tanınmalıdı. Bunun üçün də böyük işlər görülməli, plagiatdan uzaq olmalı və tanınmış dünya alimlərinin hörmətini qazanmaq lazımdır.

 

Zəngin ölkədə alimlərin məvacibi çox aşağıdır. 

 

-Elm xadimi kimi Azərbaycanda alimlərin, elm adamlarının maddi yaşayış durumunu necə dəyərləndirirsiniz?

 

Əvvəla elm xadimi sözü mənə çox yad gəlir. Elm xadimi olmaq üçün çox böyük işlər görmək lazımdır.  Mən bu gün özümü elm xadimi yox, elm adamı kimi sayıram. İkincisi çox təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanın bu gün kifayət qədər iqtisadi resursları var,  hətta  dünya miqyasında biz invenstisiyalar qoyuruq. Azərbaycanın bu gün icmal büdcəsi 25 milyarda yaxındır, neft fondundan transferlər büdcəyə 10 milyard 300 milyon dəyərindədir.  Belə bir zəngin ölkədə alimlərin məvacibi çox aşağıdır. Bu isə sosial büdcəni ödəmir, çox acınacaqlı durumdu. Hətta iclaslarda bu məsələni dəfələrlə qaldırmışam və cənab prezidentə məktub yazıb müraciət etmişəm ki, elmə ayrılan vəsaitin artırılmasın da alimlərə maddi, mənəvi dəstəyini əsirgəməsin.

 

Elmin həcmi çox böyükdür, bəlkə də sonsuzdur.

 

-Son olaraq elmlə bağlı  nələri həyata keçirmək istəyirsiniz?

 

Elmlə bağlı istək və arzular bitib, tükənməyəndi. Elmdə arzuya çatmaq mümkün deyil. Mənim kumirim olan sevimli peyğəmbərimizdən “Qüds hədisi”ni demək istəyirəm. İnsan doğulduğu gündən qəbir evinə qədər öyrənməlidir. Mənə bir hərf öyrədən müəllimə otuz il qul olaram. Elm içində olsa da arxasınca gedin. Sevgili peyğəmbərimiz qədər elmə qiymət verən olmayıb. Elmin başlanğıcı var, sonu yoxdur. Sokrat əlli yaşında gəlir təkəbbürlük edir deyir ki, mənə heç nə lazım deyil, mən artıq hər şeyi bilirəm. Amma yetmiş yaşına çatanda isə bir şeyi etiraf edir ki, mən bir şeyi bilirəm ki, mən heç nə bilmirəm. Yəni kim desə ki, mən elmdə  uğurlara imza atmışam, mən onu elm adamı adlandırmıram. O, insanda intellektual proqress getmir, intellektual fikir, məntiq yoxdur. Ancaq deqradasiya ilə məşğuldur, tənəzzülə gedir. Mənim istək və arzularımdan asılı olmayaraq  elmin həcmi çox böyükdür, bəlkə də sonsuzdur.

 

 


Müəllif: Gülnarə Eynullaqızı
08:49 07.11.2014
Xəbər lenti
Bütün xəbərlər