KANAL24.AZ
Az Iw En Ru

İcbari Sığorta Bürosundan nəqliyyat vasitəsi ilə bağlı sığortalılara tövsiyə

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı sığortalının həmin avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam vermək hüququ var.

İcbari Sığorta Bürosundan (İSB) Kanal24.az-a bildirilib ki, avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halında həmin avtonəqliyyat vasitəsi ilə bağlı müvafiq icbari sığorta müqaviləsinə xitam verilmədikdə, bu müqavilə qüvvədə qalır və avtonəqliyyat vasitəsinin yeni sahibinin səbəb olduğu yol-nəqliyyat hadisələrinə görə Malus əmsalı (sığorta hadisələrinin və sığortalı günlərin sayından asılı olaraq sığorta haqqına əlavələr) nəqliyyat vasitəsinin keçmiş sahibinə (adına icbari sığorta müqaviləsi verilmiş şəxsə) tətbiq olunur.

Nəticədə özgəninkiləşdirilmiş nəqliyyat vasitəsinin keçmiş sahibi gələcəkdə digər bir nəqliyyat vasitəsi ilə bağlı müvafiq icbari sığorta müqaviləsi bağlayarkən yeni sahibin törətdiyi qəzalar səbəbindən daha çox məbləğdə sığorta haqqı ödəməli olur.

Göstərilənləri nəzərə alaraq, İcbari Sığorta Bürosu müvafiq alqı-satqı əməliyyatının aparılması zamanı özgəninkiləşdirilən nəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verilməsini sığortalılara tövsiyə edir.


08:10 27.02.2016
Xəbər lenti
Bütün xəbərlər