KANAL24.AZ
Az Iw En Ru

Qənirə Paşayeva Eskişeherde Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

   Milli Məclisin üzvü Qənirə Paşayeva Eskişehirde Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı konfrans keçirib.

   Eskişeher Azərbaycanlılar Dərnəyinin Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə ilk öncə Xocalı Soyqırımı ilə bağlı film nümayişe etdirilib. Millət vəkili Qənirə Paşayeva dövlət və ictimai xadimləri, QHT və KİV  təmsilçiləri,  müəllim və tələbələr qarşısında çıxış edərək  Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasının  sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq problemi olduğunu vurğulayıb:

   “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Həmin təşkilatlar qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana qarşı heç bir siyasi təzyiq göstərmir. Biz bunun səbəblərini bilirik və mən onları sizinlə də paylaşacam. Qoy gənclərimiz həqiqətləri daha geniş bilsinlər. O səbəbdən də bunu biz özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib: " Bəs haradadır o beynəlxalq təşkilatlar, insan haqları ilə məşğul olan qurumların Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı açıqlamaları? Nədən Ermənistanın 1 milyon azərbaycanlının insan haqlarıni 20 ildən artıqdır ki, pozaraq onların öz evlərinə dönməsinə imkan vermədiyinə etiraz edən bir açıqlanalarını eşitmirik? Nədən işğalçıya qarşı etiraz səslərini ucaltmırlar? Nədən 1 milyon azərbaycanlının pozulan haqlarına bu qədər biganə yanaşırlar? Məncə bu sualların əsl cavablarını gənclərimizin artıq geniş bilməsi və bu barədə düşünməsi lazımdır" . Qənirə Paşayeva ikili standartlar barədə geniş çıxış edib. Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

   Qondarma erməni soyqırımı iddialarının yalan olması barədə faktlarla geniş çıxış edən Qənirə Paşayeva erməni diaspor, lobbisi və Ermənistanın bu yalanlarla bütün dünyada Türkiyə və Türk millətinin əlehinə apardığı kampaniyadan, bəzi güclərin və dövlətlərin isə öz maraqları üçün bu məsələdən necə istifadə etməsi barədə geniş bilgilər verib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə də harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.  Millət vəkili Qənirə Paşayeva getdikcə daha da gərginşləşən bölgəmiz üzərində oynanan böyük oyunlar barədə də geniş çıxış edib və gəncləri diqqətli olmağa çağırıb.

   Tədbirin sonunda bir sıra ziyalılara və gənclərə millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib və gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb. Tədbirdə Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Məmmədov, İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi dərnəyinin rəhbəri Asif Qurban da çıxış edərək Xocalı Soyqırımı, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə geniş məlumatlar verərək gəncləri ortaq tariximizə daha çox sahib çıxmağa və həqiqətlərimizi bütün dünyada daha geniş yaymaq işində fəallığı artırmağa çağırıb. Tidbırın sonunda Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Məmmədov millət vəkili Q.Paşayevaya plaket təqdim edib. 


18:04 20.02.2016