KANAL24.AZ
Az Iw En Ru

Yaponiya filmləri həftəsi başlayıb

   Fevralın 19-da Nizami Kino Mərkəzində yapon filmləri həftəsinin açılışı olub.

   Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək bu gündən etibarən fevralın 23-dək Nizami Kino Mərkəzində hər axşam ardıcıl olaraq yapon filmlərinin nümayiş olunacağını deyib. Bildirib ki, nümayiş olunacaq 5 filmdən ikisi dünyada yüksək populyarlıq qazanmış animasiya əsərlərdir. Bu filmlər yapon animatorları Hayao Miyazaki və Makoto Şinkayin yaratdığı animasiyalardır.

   Səfir yapon filmləri həftəsinin təxminən hər il keçirildiyini vurğulayaraq diqqətə çatdırıb ki, bu il fərqli olaraq filmlər Azərbaycan dilində alt yazısı ilə təqdim olunacaq.

   Qeyd edib ki, sabah nümayişi planlaşdırılan Hayao Miyazakinin “Kikinin çatdırma xidməti” animasiyasını mart ayının əvvəlində Şəki və İsmayıllıda Azərbaycan dilində subtitrlə tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

   Diplomat yapon filmləri həftəsinin reallaşmasında səfirliyə köməklik göstərdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Nizami Kino Mərkəzinə və yapon.az saytına təşəkkürünü bildirib.

   Daha sonra rejissor Makoto Şinkayin çəkdiyi “Söz bağçası” adlı animasiya filmi nümayiş olunub. 46 dəqiqəlik filmdə yapon səhnələri və hisslər gözəl animasiya şəklində öz əksini tapıb.

   Qeyd edək ki, yapon filmləri həftəsi çərçivəsində fevralın 20-də “Kikinin çatdırma xidməti”, 21-də “Nabinin sevgisi”, 22-də “Yay gecəsində yuxu”, 23-də isə “Xoşbəxtlik çörəyi” ekran əsərləri təqdim ediləcək. Saat 19:00-da başlanacaq filmlərə giriş sərbəstdir.


03:15 20.02.2016
Xəbər lenti
Bütün xəbərlər