KANAL24.AZ
Az Iw En Ru

“Həqiqətin şahidləri” sənədli filminin təqdimatı olub

Fevralın 19-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin akt zalında Xocalı soyqırımından bəhs edən “Həqiqətin şahidləri” adlı sənədli filmin təqdimatı olub.

Bu ekran əsərinin çəkilişi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən reallaşdırılıb.

Filmin təqdimatında Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov film haqqında məlumat verib. Bildirib ki, filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından əli-ayağı yalın qaçmış insanların acı həyatı əksini tapıb. Filmə Amerika, Almaniya, Fransa, Türkiyə, Rusiya jurnalistlərinin Xocalı soyqırımı ilə bağlı işlərini əks etdirən nadir kadrlar daxil edilib. Ekran əsərində almaniyalı, fransalı, amerikalı ekspertlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı fikirləri, həmçinin bu hadisələrin canlı şahidlərinin ifadələri yer alıb.

Sonra film nümayiş etdirilib.

Daha sonra çıxış edən İctimai Birliyin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildiriblər. Qeyd edilib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalıdır və dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar.

“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı filmin ərsəyə gəlməsində əməyi olan rejissor Ceyhun Şüküroğluna, ssenari müəllifi İmran Bədirxanlıya və digərlərinə təşəkkür edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin önəmini vurğulayıb. Təqdim edilən ekran əsərinin də məhz bu istiqamətdə görülən işlərə bir dəstək olduğunu diqqətə çatdırıb.


23:08 19.02.2016
Xəbər lenti
Bütün xəbərlər