KANAL24.AZ
Az Iw En Ru

Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib

Fevralın 11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.

 

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən Kanal24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modun həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, indiyədək ölkələrimiz arasında iqtisadi sahə də daxil olmaqla 24 sənədin imzalandığını bildirmişdir. Qeyd olunmuşdur ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Ölkəmizdə həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edirlər. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır. Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini qeyd edən nazir Şahin Mustafayev bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini bildirmişdir.
Humanitar sahədə əməkdaşlığa gəlincə qeyd edilmişdir ki, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 569 azərbaycanlı tələbə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın 38 universitetində, Britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. 2015-ci ildə Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında Böyük Britaniya idmançıları fəal iştirak etmişlər.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Londona səfər etdiyini vurğulamışdır. Əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında yaradılmış Hökumətlərarası Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətini qeyd etmişdir.

Bildirilmişdir ki, Hökumətlərarası Komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qruplarının fəaliyyət göstərir və fevralın 10-11-də keçirilmiş iclaslarda və Təhsil Forumunda ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

Nazir Şahin Mustafayev investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın, Azərbaycanın qeyri-neft məhsullarının Böyük Britaniyaya ixracının, ölkəmizdə yaradılan sənaye parklarında və aqroparklarda Britaniya şirkətlərinin iştirakının, birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinin əlaqələrin inkişafında əhəmiyyətini, Azərbaycan İnvestisiya Şirkəti və AZPROMO ilə əməkdaşlıq imkanlarını qeyd etmişdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fransis Mod ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulamışdır.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-cı iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Mod imzalamışlar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.


***

Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qruplarının iclasları və Təhsil Forumu keçirilmişdir.

Ticarət və İnvestisiyalar üzrə işçi qrupunun iclasına Azərbaycan tərəfdən rəhbərlik edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanın investisiya və biznes mühiti, tranzit imkanları, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat vermiş, AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini diqqətə çatdırmışdır. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiyalar sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu iclasda Böyük Britaniya şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün əlverişli imkanların olduğu vurğulanmışdır.

SOCAR-ın viste-prezidenti Elşad Nəsirovun həmsədrliyi ilə keçirilmiş Neft və Qaz üzrə birgə işçi qrupunun iclasında zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın bu sahədə Böyük Britaniya ilə uğurlu əməkdaşlıq etdiyi, ölkəmizdə enerji sahəsində bir sıra Britaniya şirkətlərinin fəaliyyət göstərdiyi qeyd edilmiş, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.


Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayevin həmsədrlik etdiyi Maliyyə və Peşəkar Xidmətlər üzrə işçi qrupunun iclasında korporativ idarəetmə standartlarının əhəmiyyəti və bu sahədə Azərbaycanda qanunvericilik, şirkətlərdə şəffaflıq və məlumatların açıqlanması məsələləri, ictimai xidmətlərin effektiv təmin edilməsi mexanizmləri, o cümlədən Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, Azərbaycan şirkətlərinin optimal maliyyə bazarlarına çıxış imkanları, daxili kapital bazarlarının mövcud infrastrukturu və bu bazarlardan vəsaitlərin cəlb olunması imkanları, qlobal investorlara Azərbaycanın tanıdılması məsələləri əsas müzakirə mövzuları olmuşdur.

Azərbaycan tərəfindən Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilmiş “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu”nda Azərbaycanın təhsil sahəsində islahatlara xüsusi əhəmiyyət verdiyi, ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq layihələrinin artırılması üçün böyük potensialın olduğu qeyd edilmişdir. Forumda professor-müəllim və tələbə mübadiləsinin, ikili diplom proqramlarının, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, ali təhsilin idarəolunmasında təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.


18:31 12.02.2016
Xəbər lenti
Bütün xəbərlər