KANAL24.AZ
Az Iw En Ru

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış məktəbinin iştirakçıları Qubada

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış məktəbinin iştirakçıları fevralın 11-də Qubada olublar.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçılarının Quba ilə tanışlığı mədəniyyət və istirahət parkından başlayıb. Burada ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Qış məktəbinin iştirakçıları sonra Quba Rayon İcra Hakimiyyətində olublar. Onlara rayonun tarixi, mədəniyyəti, adət-ənənələri və burada yaşayan azsaylı xalqlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır.

Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq ziyarət edilib.

Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqda əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Daha sonra ziyarətçilər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Daha sonra qış məktəbinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə ilə yaxından tanış olublar. Qəsəbəni gəzən qonaqlar burada yerləşən sinaqoqları ziyarət edib, dağ yəhudilərinin dini ayinlərini izləyiblər. Onların diqqətinə çatdırılıb ki, Azərbaycanda dinlərarası dialoq və millətlərarası münasibətlər yüksək səviyyədədir. Ölkəmizdə yaşayan dağ yəhudiləri də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.


00:20 12.02.2016
Xəbər lenti
Bütün xəbərlər