KANAL24.AZ
Az Iw En Ru

Tələbə təqaüdlərinə edilən dəyişikliklər təhsilə marağı stimullaşdıracaq

Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktor və mühasibləri ilə görüş keçirilib.

 

Nazirlikdən Kanal24.az-a bildiriblər ki, görüşdə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Prezidentinin 2015-ci il 10 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub. Bildirilib ki, Sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Dövlət başçısının imzaladığı bu sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət etdiyi vurğulanıb.

Sərəncama uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydası” təsdiqlənib.

Birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Bu, aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

Eyni zamanda, yeni qaydalar təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


02:34 10.02.2016
Xəbər lenti
Bütün xəbərlər