KANAL24.AZ
Az Iw En Ru

İqtisadiyyat Nazirliyi: Hökumət Azərbaycanda pambıqçılığın inkişafını dəstəkləyəcək

Hökumət Azərbaycanda pambıqçılığın inkişafına əlavə dəstək göstərməyə hazırdır. Bunu Trend-ə İqtisadiyyat Nazirliyindən deyiblər.

Ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılmasının ikinci ilinin yekunlarına həsr edilmiş konfrans çərçivəsində sessiyada fermerlər pambıqçılıq sahəsinin inkişafına mane olan problemlər barədə danışıblar. Xüsusilə fermerlərin təhvil verdikləri pambığın qiyməti məsələsinə toxunulub (pambıq emalı müəssisələri 1 kiloqram pambığı 0,42 manata qəbul edirlər ki, bu da fermerlərə sərf etmir)

Nazirlikdən qeyd ediblər ki, pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dəstək veriləcək: “Fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi artırılacaq ki, bu da əkindən son məhsulun əldə edilməsinədək bütün dövrü ərzində pambıqçılıq sahəsinin inkişafını stimullaşdıracaq”.

Bu, pambıq alacaq pambıq emalı müəssisələrinə fermerlərlə müqavilə bağlamağa imkan verəcək. Bununla da fermerlər məhsullarını hara təhvil verməli olacaqlarını biləcəklər və bu, pambıq istehsalının artmasına gətirib çıxaracaq.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan güzəştli kreditlərin verilməsi pambığın emalına çəkilən xərcləri azaltmağa imkan yaradacaq. Müvafiq olaraq, bu, müəssisələrə pambığı daha yüksək qiymətə almağa imkan verəcək. Hazırda bu istiqamətdə artıq işlər aparılır.

Nazirlikdən qeyd ediblər ki, bu sahəyə əvvəllər də kredit ayrılıb, lakin hazırda kreditləşmənin həcmi artacaq.


23:05 27.01.2016
Xəbər lenti
Bütün xəbərlər