KANAL24.AZ
Az Iw En Ru

20 Yanvar faciəsinin qurbanları “Mənim ağ göyərçinim” tamaşası ilə anılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tamaşa nümayiş etdiriləcək. Yazıçı-dramaturq Tamara Vəliyevanın qanlı 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yanvarın 19-da göstəriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmdova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları oynayacaqlar.


22:03 17.01.2016
Xəbər lenti
Bütün xəbərlər